REGİONLAR
Zaqatalalı kümçülərə 420 qutu ipəkqurdu paylanılacaq
Zaqatala, 27 aprel, Mustafa Dadaşov, AZƏRTAC
Hibrid ipəkqurdu sənaye toxumları aprelin 27-dən etibarən bölgü əsasında Zaqatala rayonunun kümçülərinə paylanılmağa başlayıb.
Bu barədə AZƏRTAC-a Zaqatala barama toxumu zavodunun direktoru Camal Köngülov məlumat verib.
O deyib ki, Kənd Təsərrüfatı Nazirliyi tərəfindən tender müqaviləsi əsasında Çin Xalq Respublikasından alınaraq respublikamıza gətirilən 6 min qutu yüksəkkeyfiyyətli hibrid ipəkqurdu sənaye toxumlarının (qrena) 420 qutusu inkubasiyaya qoyulmaq üçün aprelin 18-də Zaqatala barama toxumu zavoduna göndərilmişdi. Artıq inkubasiya müddəti başa çatıb və toxumlardan əldə olunan ipəkqurdları aprelin 27-dən etibarən bölgü əsasında Zaqatala rayonunun kümçülərinə paylanılır.
Zavod direktorunun bildirdiyinə görə, ilk gündə kümçülərə 100 qutu, yəni iki kiloqrama yaxın ipəkqurdu verilib. Bu proses növbəti günlərdə də davam edəcək.
Xatırladaq ki, 2016-cı ildə rayonda 6 ton yaş barama istehsal olunub. Bu il isə barama istehsalının 21 tona çatdırılması proqnozlaşdırılır.