CƏMİYYƏT
Zaur Tabatadze: Heydər Əliyev hər zaman Gürcüstanla münasibətlərə xüsusi diqqət ayırıb
Tbilisi, 9 may, AZƏRTAC
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü Gürcüstanın Marneuli rayonunda qeyd edilib.
AZƏRTAC xəbər verir ki, bu münasibətlə Marneuli Mədəniyyət Evində “Ulu öndər Heydər Əliyev və mənəvi dəyərlər” mövzusunda tədbir keçirilib.
Tədbirdə Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov, Mənəvi Dəyərlərin Təbliği Fondunun (MDTF) icraçı direktoru Mehman İsmayılov, Azərbaycan İlahiyyat İnstitutunun prorektoru Aqil Şirinov, Diasporla İş üzrə Dövlət Komitəsinin məsul əməkdaşı Sabit Məmmədov, Kvemo Kartli bölgəsinin qubernatoru Şota Rexviaşvili, Gürcüstan Ağsaqqallar Şurasının sədri İsak Novruzov, Gürcüstanın Dini Məsələlər üzrə Dövlət Agentliyinin nümayəndəsi Abay Paşayev, Marneuli rayon rəhbərliyinin və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Marneuli Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən Zaur Tabatadze ulu öndər Heydər Əliyevin gürcü xalqı qarşısındakı xidmətlərindən danışıb, dahi şəxsiyyətin dərin siyasi baxışlarından söz açıb.
Hər il Gürcüstanda Ümummilli Liderin doğum gününə həsr olunan tədbirlərin keçirildiyini vurğulayan Tabatadze deyib ki, Heydər Əliyev Gürcüstanla münasibətlərə xüsusi diqqət ayırıb. Onun siyasəti sayəsində Azərbaycan-Gürcüstan münasibətləri strateji müttəfiqlik səviyyəsinə yüksəlib.
Sonra səfir Dursun Həsənov Ulu Öndərin Azərbaycanın müstəqillik qazanması, bölgədə qlobal əhəmiyyətli layihələrin reallaşmasındakı müstəsna rolundan danışıb. Bildirib ki, Ümummilli Liderin əsasını qoyduğu irimiqyaslı enerji, nəqliyyat layihələri Azərbaycanın və Gürcüstanın dövlət müstəqilliyinin möhkəmlənməsində, xalqlarımızın rifah halının yaxşılaşmasında mühüm rol oynayıb.
Diplomat Azərbaycan və gürcü xalqları arasında tarixən mövcud dostluq və qardaşlıq münasibətlərindən danışıb, Gürcüstanda yaşayan azərbaycanlıların bu münasibətlərdə körpü rolunu oynadığını qeyd edib.
MDTF-nin icraçı direktoru Mehman İsmayılov çıxışında ümummilli lider Heydər Əliyevin möhkəm siyasi iradəsi ilə təşəkkül tapan tolerantlıq, milli dəyərlərə hörmət və multikulturalizm ideyalarının faydalarından danışıb.
Qubernator Şota Rexviaşvili Heydər Əliyev və Eduard Şevardnadzenin səyləri nəticəsində Azərbaycanın və Gürcüstanın dünya birliyində öz layiqli yerlərini tutduqlarını qeyd edib. Bildirib ki, bu iki dahi şəxsiyyətin gərgin əməyi nəticəsində xalqlarımız arasındakı dostluq münasibətləri yeni müstəvidə daha da inkişaf edib, möhkəmlənib.
Abay Paşayev çıxışında Ulu Öndərin daxili və xarici siyasəti, Gürcüstanla əməkdaşlığa verdiyi önəm, onun təşəbbüsü ilə regionda həyata keçirilmiş iqtisadi layihələrin əhəmiyyətindən danışıb.
Məlumat üçün qeyd edək ki, Ulu Öndərin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş silsilə tədbirlər Qardabani rayonunda da keçirilib.
Tədbirdə çıxış edənlər ulu öndər Heydər Əliyevin zəmanəmizin ən parlaq zəkaya malik olan siyasi xadim olduğunu xüsusi qeyd ediblər.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi