REGİONLAR
Zəfər Düşərgəsinin iştirakçıları qazilərimizlə görüşüblər
Naxçıvan, 28 iyul, AZƏRTAC
Azərbaycan və onun Naxçıvan Muxtar Respublikasının Gənclər fondlarının, Türkiyə Gənclik Vəqfinin birgə təşkilatçılığı, ümumilikdə, 200-dən çox gəncin iştirakı ilə “Azərbaycan-Türkiyə gənclərinin Zəfər Düşərgəsi” muxtar respublikada davam edir.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, düşərgənin ikinci günü qonaqlar Duzdağ Fizioterapiya Mərkəzi ilə tanış olublar. Burada onlara müalicə mərkəzi ilə bağlı ətraflı məlumat verilib. Daha sonra “Duzdağ” hoteldə düşərgə iştirakçılarının İkinci Qarabağ müharibəsinin qaziləri ilə görüşü keçirilib.
Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası Gənclər Fondunun icraçı direktoru Cəbi Quliyev bildirib ki, 44 günlük Vətən müharibəsində şücaət göstərmiş qazilərimizlə görüşün məqsədi gənclərimizə örnək olan qəhrəman müharibə iştirakçılarımızın timsalında gəncliyə əsl vətənpərvərlik ideologiyasını aşılamaqdır. Çünki II Qarabağ müharibəsində xalqımız Ali Baş Komandanın ətrafında birləşərək birlik, bərabərlik, bir sözlə, əsl vətəndaşlıq nümayiş etdirdi. Rəşadətli ordumuzun gücü, qüdrəti, qorxmazlığı ilə əzəli-əbədi torpaqlarımız olan Dağlıq Qarabağ Azərbaycana qovuşdu. Vətən müharibəsinin ən çətin, məşəqqətli günlərində yanımızda olan qardaş Türkiyə Respublikasının daim səsimizə səs verməsi tarixi birlik və bərabərliyin sübutudur.
Gənclər Fondunun könüllüsü, Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər fakültəsinin tələbəsi Rəhim Novruzov qeyd edib ki, Türkiyə və Azərbaycan Respublikası prezidentlərinin tarixi Şuşa səfərindən və Şuşa Bəyannaməsi kimi əhəmiyyətli bir sənədin imzalanmasından sonra Azərbaycan-Türkiyə qardaşlığının daha da möhkəmləndirilməsi və ölkə gəncləri arasında sıx əməkdaşlığın yaranması məqsədilə təşkil olunmuş belə tədbirlər hər bir gənc üçün qürurvericidir. Biz həm də ona görə sevinirik ki, bu tədbirdə qalib xalq kimi iştirak edirik. Şanlı ordumuzun və Ali Baş Komandanımızın erməni işğalçıları üzərində qazandığı böyük qələbə çoxəsrlik tariximizin səhifələrinə yazılmış əsl qəhrəmanlıq dastanıdır.
Vətən müharibəsi qazisi, “Şuşanın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “İgidliyə görə” medalları ilə təltif olunan mayor Təbriz Zeynalov qazilər adından çıxış edərək bildirib ki, dövlətimiz 44 günlük müharibədə Azərbaycan xalqının, onun liderinin, şanlı ordumuzun gücünü bütün dünyaya nümayiş etdirdi. Otuz ilə yaxın müddətdə səbir göstərən xalqımız, nəhayət, qələbəyə nail oldu. Azərbaycan son 2 əsrlik tarixində ilk dəfədir ki, müharibədən ərazi itkisi ilə yox, ərazi bütövlüyünü bərpa edərək çıxır. Bu bizim üçün böyük qürur və sevincdir. Azərbaycan Ordusunun əldə etdiyi tarixi zəfər dövlət və xalqın mənafeyi baxımından xüsusi əhəmiyyətə malikdir. Uzun illərdən bəri düşmən tapdağı altında qalmış torpaqlarımızın işğaldan azad edilməsi, ilk növbədə, Azərbaycan xalqının özünə inamını qaytardı, xalqın öz liderinə, onun gücünə etibarını daha da möhkəmləndirdi. Bu xoşbəxtliyi, bu qüruru bizə Ali Baş Komandan İlham Əliyev və rəşadətli Azərbaycan Ordusu yaşatdı. Müharibənin ən şiddətli anlarında belə, qardaş Türkiyə Respublikası bizdən dəstəyini heç zaman əsirgəmədi. Bu tarixin bütün dövrlərində belə olub və olacaq. İnanırıq ki, bu dostluq və qardaşlıq olduğu müddətcə biz heç vaxt məğlub dövlət olmayacağıq.
Sonra Vətən müharibəsi iştirakçıları gənclərin suallarını cavablandırıb.