CƏMİYYƏT
“Zəfər kuboku” onlayn şahmat turnirinin qalibləri mükafatlandırılıb
Bakı, 29 aprel, AZƏRTAC
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi (BŞGİBİ) və Sumqayıt Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə 18 yaşadək oğlanlar və qızlar arasında sürətli şahmat üzrə keçirilən "Zəfər kuboku" onlayn şahmat turnirinin qaliblərinin mükafatlandırma mərasimi keçirilib.
BŞGİBİ-dən AZƏRTAC-a bildiriblər ki, tədbirdə Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin (BŞGİBİ) rəisi Raqif Abbasov, Sumqayıt Şəhər Gənclər və İdman Baş İdarəsinin (SŞGİBİ) rəisi Elgün Hümbətov, turnirin baş hakimi İlham Əliyev, yarışın baş katibi Fidan Talıbova iştirak ediblər.
Tədbirdə çıxış edənlər 44 gün davam edən müharibədə cəmiyyətimizin nümayiş etdirdiyi möhtəşəm səfərbərlik xalqımızın dövlət başçısının ətrafında sıx birləşməsinin bariz ifadəsi olmaqla yanaşı, eyni zamanda yeni və qüdrətli Azərbaycanın bütün dünyada özünütəsdiqi kimi qəbul edildiyini bildiriblər. Vurğulanıb ki, Azərbaycanın müzəffər Ordusunun zəfər yürüşü, düşmənin sonadək bütün torpaqlarımızdan qovulması, Qarabağın, xüsusən də xalqımızın ləyaqət və qürur simvolu Şuşanın işğaldan tam azad edilməsi, uzun illər düyünə düşmüş və region üçün təhlükə mənbəyi olan Dağlıq Qarabağ münaqişəsinin uğurla və ədalətlə həll edilməsi, həm də yaşadığımız bölgədə sülhə və təhlükəsizliyə əvəzsiz töhfədir.
Sonra qaliblər karantin rejiminin qaydalarına riayət olunmaqla mükafatlandırılıb.
Şahmat turnirinin nəticəsinə əsasən, ümumi hesabda oğlanlar arasında Rüstəm Rüstəmov, qızlar arasında isə Aytac Kərimli birinci yeri, Yunis Mahmudzadə, Xanım İsmayılova ikinci yeri, İlknur Məmmədov və Nurtən Nuriyeva üçüncü yeri tutublar.