DÜNYA
Zeljka Cviyanoviç Bosniya və Herseqovina Rəyasət Heyətinin ilk qadın üzvü olub
Sarayevo, 4 oktyabr, AZƏRTAC
Müstəqil Sosial Demokratlar İttifaqının namizədi Zeljka Cviyanoviç ölkə tarixində Bosniya və Herseqovina Rəyasət Heyətinə seçilən ilk qadın olub.
AZƏRTAC xəbər verir ki, Z.Cviyanoviç Bosniya və Herseqovinadakı seçkilərdə səslərin 60 faizini toplayaraq Rəyasət Heyətinin serb əsilli üzvü seçilib.
O, Bosniya və Herseqovinadakı iki inzibati vahiddən biri olan Serb Respublikasının maraqları uğrunda mübarizə aparacağını bildirib.
Xatırladaq ki, oktyabrın 2-də Bosniya və Herseqovinada Rəyasət Heyətinin üzvləri, iki inzibati vahid üzrə rəhbərlərin, kanton üzvləri və deputatların müəyyən olunduğu seçkilər keçirilib. Bosniya və Herseqovinadakı müharibədən sonra keçirilən sayca 9-cu seçkilərdə seçici fəallığı 50 faiz təşkil edib.
Bosniya və Herseqovina Rəyasət Heyətinin bosniyalı üzvü 11 siyasi partiyadan ibarət müxalifət blokunun birgə namizədi olan Sosial Demokrat Partiyasının sədr müavini Denis Beciroviç, xorvat əsilli üzvü isə “Demokratik Cəbhə” və “Xalq Birliyi” koalisiyasının namizədi Zeljko Komsic olub.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Sarayevo