İQTİSADİYYAT
Zəngəzur dəhlizi Zəngilan rayonunun iqtisadi inkişafına dəstək göstərəcək
Bakı, 21 oktyabr, AZƏRTAC
Zəngəzur dəhlizi Zəngilan rayonunun iqtisadi inkişafına dəstək göstərəcək.
AZƏRTAC xəbər verir ki, bu barədə deputat Vüqar Bayramov deyib.
Deputat qeyd edib ki, 5 qəsəbə və 79 kəndə sahib olan Zəngilan rayonu Azərbaycanın cənub-qərbində strateji cəhətdən böyük əhəmiyyət kəsb edən bir mövqedə yerləşir. Füsunkar təbiəti ilə seçilən Zəngilan rayonunun böyük iqtisadi potensialı var ki, burada da turizmin inkişafı əhəmiyyətli rol oynayacaq. Bununla yanaşı, Zəngilan rayonu təbii ehtiyatların çoxluğuna görə də fərqlənir. Belə ki, rayonun Vejnəli kəndində 6,5 ton qızıl ehtiyatı mövcuddur və güman olunur ki, müasir texnologiya ilə qiymətləndirmə aparılan zaman daha çox ehtiyatların aşkarlanması mümkün olacaq. Vejnəli yatağı, eyni zamanda, filiz, gümüş, mis ehtiyatları üzrə də məşhurdur.
“Zəngilan rayonunun iqtisadi inkişafına dəstək göstərəcək digər amil, onun strateji mövqeyi ilə yanaşı, Zəngəzur dəhlizinin, yeni nəqliyyat xətlərinin istifadəsi olacaq ki, bu da rayonu bölgənin logistik habına çevirəcək. Horadiz ilə Zəngilanı birləşdirəcək dəmir və avtomobil yollarının inşaatı sürətlə davam etdirilir. Zəngilana gedən zaman yolboyu texnika və avadanlıqların intensiv işləməsinin şahidi olmaq mümkündür. Eyni zamanda, Zəngilanda inşa ediləcək Beynəlxalq Hava Limanının inşası ilə bağlı işlər sürətlənir. Uzun illər işğal altında qalan torpaqlarımız bərpa edilir və yenidən qurulur. Tezliklə bu yerlərə gülüş və həyat yenidən qayıdacaq”, - deyə V.Bayramov qeyd edib.