CƏMİYYƏT
Zəngilan rayonunun işğalı günü ilə əlaqədar anım tədbiri keçirilib
Bakı, 29 oktyabr, AZƏRTAC
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində Zəngilan rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsinin 25-ci ildönümü ilə əlaqədar anım tədbiri keçirilib.
Komitədən AZƏRTAC-a bildiriblər ki, tədbirdə Dövlət Komitəsinin sədri, sədr müavinləri, departament və şöbə rəhbərləri, Qarabağ müharibəsi veteranları, qeyri-hökumət təşkilatlarının nümayəndələri, Zəngilan rayonundan olan ziyalılar, “SABAH” qrupunun zəngilanlı tələbələri iştirak ediblər.
Torpaqlarımızın azadlığı və ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Dövlət Komitəsinin sədri Rövşən Rzayev Zəngilanın işğalına səbəb olan amilləri qeyd edərkən bildirib ki, dövlət müstəqilliyinin bərpası ərəfəsində və sonrakı ilk illərdə Azərbaycanda hökm sürən ictimai-siyasi, sosial-iqtisadi böhran, ordu quruculuğunun ləngidilməsi, düzgün xarici siyasətin aparılmaması Ermənistanın hərbi təcavüzünün genişlənməsinə, Dağlıq Qarabağ və onun ətrafındakı ərazilərin işğalına şərait yaradıb. Zəngilanlılar uzun müddət təcavüzkara müqavimət göstərib, öz torpaqlarının müdafiəsində fədakarlıqla dayanıblar. Lakin ətraf əraziləri zəbt etmiş işğalçı qüvvələr 1993-cü il oktyabrın 30-da rayon mərkəzini ələ keçirdikdən sonra mühasirədən çıxmaq üçün zəngilanlılar Araz çayının o tayına, İran ərazisinə keçmək məcburiyyətində qalıblar. Zəngilanlıların daim minnətdarlıq hissi ilə qeyd etdikləri kimi, ulu öndər Heydər Əliyevin İran İslam Respublikası rəhbərlərinə müraciəti əsasında buna imkan yaradılması, onları soyqırımına məruz qalmaqdan xilas edib.
Diqqətə çatdırılıb ki, Ermənistanın təcavüzünün qarşısına sədd çəkilməsi və işğal etdiyi bəzi ərazilərdən çıxarılması xalqın təkidli xahişi ilə hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyevin qətiyyətli iradəsi sayəsində mümkün olub. 1994-cü ildə cəbhə xəttində atəşkəsə nail olunması isə müstəqil dövlətimizin bütün sahələrdə, o cümlədən hərbi quruculuqda mühüm uğurlar qazanmasına imkan verib. Prezident İlham Əliyevin Azərbaycana rəhbərlik etdiyi son 15 ildə ölkəmiz regionun lider dövlətinə çevrilib, ordumuz güclənib, qüdrətlənib, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda mübarizəyə tam hazır olduğunu praktiki cəhətdən göstərib. 2016-cı ilin Aprel hadisələri, 2 min hektardan artıq ərazinin işğaldan azad edilməsi bunu bütün dünyaya nümayiş etdirdi.
Ölkəmizdə müharibədən əziyyət çəkən insanların xüsusi dövlət qayğısı ilə əhatə olunduğunu xatırladan komitə sədri bu sahədə ulu öndər Heydər Əliyevin başladığı işləri Prezident İlham Əliyevin davam etdirdiyini, o cümlədən məcburi köçkünlərin sosial problemlərinin həllini prioritet məsələ kimi müəyyənləşdirdiyini, onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün bütün zəruri tədbirlərin görüldüyünü bildirib. Qeyd olunub ki, Birinci vitse-prezident xanım Mehriban Əliyeva da məcburi köçkünlərin problemlərinə həssaslıqla yanaşır, qəzalı binalarda və ən ağır şəraitdə yaşayan məcburi köçkün ailələrinin, ilk növbədə, yeni mənzillərə köçürülməsini şəxsən nəzarətdə saxlayır.
Tədbirdə Zəngilan rayon ictimaiyyətinin və ziyalılarının nümayəndələri çıxış edərək, onlara göstərilən dövlət qayğısına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident xanım Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər. Günbəgün güclənən Azərbaycan dövlətinin öz ərazi bütövlüyünü bərpa edəcəyinə inandıqlarını əminliklə qeyd edən tədbir iştirakçıları ölkəmizdə aparılan möhtəşəm quruculuq işlərinin tezliklə işğaldan azad olunacaq ərazilərdə, o cümlədən Zəngilanda da aparılmasını arzulayıblar.
Sonda Zəngilanın işğalına həsr olunmuş film nümayiş etdirilib.