REGİONLAR
Zərdab: indiyədək ötən ilin ümumi göstəricisindən 4,2 dəfə çox pambıq istehsal olunub
Zərdab, 23 noyabr, AZƏRTAC
Zərdab rayonunda təsərrüfatın ənənəvi sahəsi olan pambıqçılıq yeni inkişaf dövrünə qədəm qoyub. Cari mövsümdə 3232,3 hektar sahədə məhsul yetişdirən fermerlər və fiziki şəxslər hələlik tarlalardan 3833 ton “ağ qızıl” götürüblər ki, bu da 2016-cı ildə istehsal olunan ümumi məhsuldan 4,2 dəfə çoxdur.
Bu barədə AZƏRTAC-a rayon icra hakimiyyətindən məlumat verilib.
Bildirilib ki, hazırda bölgədə pambıq yığımı davam edir. Bütün qüvvələr məhsulun son qozasınadək itkisiz toplanmasına səfərbər edilib. Hava şəraitinin törətdiyi çətinliklərə baxmayaraq, hər gün tarlalardan 12-17 ton “ağ qızıl” yığılır. Rayonun əksər ərazi vahidlərində, o cümlədən daha çox pambıq əkilən Hüseynxanlı, Qaravəlli, Qoşaoba, Gəlmə, Körpükənd ərazi vahidlərində məhsul yığımı sürətlə aparılır.