REGİONLAR
Zərdablılar bu il rayon tarixində taxıl istehsalında ən yüksək göstəriciyə nail olublar
Zərdab, 22 iyul, AZƏRTAC
Azərbaycanda aqrar sektorda aparılan islahatlar, Prezident İlham Əliyevin ixracyönümlü məhsulların, o cümlədən pambıqçılığın, baramaçılığın inkişafı ilə əlaqədar verdiyi tapşırıqlar Zərdab rayonunda da ənənəvi hesab edilən bu gəlirli sahələrin inkişafına güclü təkan verib. Təsadüfi deyil ki, cari mövsümdə rayonda 27 tondan artıq barama tədarük edilib. Bu, respublikada ən yüksək göstəricidir. Bu il 3 min hektardan çox ərazidə pambıq yetişdirilir. Hazırda sahələrdə kompleks becərmə işlərində 2000 nəfərdən çox işçi qüvvəsi çalışır. Cari mövsümdə rayonda mühüm strateji məhsul olan taxılçılıqda da uğurlu nəticələr qazanılıb. 58 min tondan çox taxıl istehsal edilib ki, bu da rayon tarixində ən yüksək göstəricidir.
AZƏRTAC xəbər verir ki, bu barədə Zərdabda 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunan hesabat yığıncağında məlumat verilib.
İstər rayon icra hakimiyyətinin başçısı Lütvəli Babayevin hesabat məruzəsində, istərsə də müzakirələrdə yarım ildə sosial-iqtisadi sahələrdə görülən işlər ətraflı təhlil edilib. Bildirilib ki, cari ilin yanvar-iyun aylarında iqtisadiyyatın əsas sahələri üzrə istehsal olunan məhsul və xidmətlərin həcmi 48 milyon 187 min manat olub. Bunun 32 milyon 465 min manatı kənd təsərrüfatının, 851 min 200 manatı tikintinin payına düşüb.
Hesabat dövründə tikinti-quruculuq və abadlıq işləri sahəsində də xeyli layihə həyata keçirilib. Prezident İlham Əliyevin Sərəncamı ilə ayrılan 3 milyon manat vəsait hesabına 27 kommunal binada əsaslı təmir işləri görülüb. Sutkalıq istehsal gücü 20 ton olan və 100 nəfərə yaxın insanın çalışdığı süd emalı zavodu, əkin dövriyyəsinə yeni daxil edilən 10 min hektar sahənin suvarılmasını təmin edəcək su nasos stansiyası, 35 yerlik İsaqbağı kənd körpələr evi-uşaq bağçası istifadəyə verilib.
Yığıncaqda təhsil, səhiyyə, mədəniyyət sahələrinin maddi-texniki bazalarının möhkəmləndirilməsi, xidmət səviyyəsinin yüksəldilməsi istiqamətində həyata keçirilən tədbirlərdən, habelə qarşıda duran vəzifələrdən də ətraflı danışılıb.
Sonda yığıncaq iştirakçıları adından Prezident İlham Əliyevə müraciət qəbul olunub.