İQTİSADİYYAT
Zirə qəsəbəsində 1150 metr uzunluğa malik 3 küçə təmir edilir
Bakı, 23 iyun, AZƏRTAC
Paytaxtın Xəzər rayonunun Zirə qəsəbəsinin ümumi uzunluğu 1150 metr təşkil edən Yeni sahə, Dəmiryol küçəsi, həmçinin Seyid Əzim Şirvani və Həsrət Ağamalıoğlu küçələrində təmir işləri görülür.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, yenidənqurma işləri çərçivəsində küçələr boyu zəruri yerlərdə yararsız qrunt qazılaraq çıxarılıb, əks-dolğu işləri icra olunaraq yeni yol əsasının tikintisi işləri görülüb. Hazırda yeni asfalt-beton örtüyünün döşənməsi işləri aparılır.
Sonuncu mərhələdə hərəkətin normal təşkili üçün yol-cizgi və yolgöstərici xətləri çəkilərək təmir işləri yekunlaşdırılacaq.
Qeyd olunub ki, cari ilin “İnvestisiya Proqramı”na uyğun olaraq Xəzər rayonunun Mərdəkan, Binə, Buzovna, Qala və Zirə qəsəbələri ərazisində ümumi uzunluğu 26,5 kilometr küçə və yolun təmiri aparılır.
2021-ci ilin “İnvestisiya Proqramı”na uyğun olaraq isə rayonun Binə, Buzovna və Qala qəsəbələrində ümumi uzunluğu 16,3 kilometr olan küçə və yolların təmiri icra olunub.