İDMAN
Zlatan İbrahimoviç “Los-Angeles Galaski” klubu ilə yeni müqavilə imzalayıb
Bakı, 19 dekabr, AZƏRTAC
ABŞ-ın “Los-Angeles Galaksi” futbol komandasının isveçli hücumçusu Zlatan İbrahimoviç klub ilə yeni müqavilə imzalayıb.
AZƏRTAC klubun saytına istinadla xəbər verir ki, 37 yaşlı futbolçu ilə birillik müqavilə imzalanıb.
Z.İbrahimoviç “Los-Angeles Galaksi”yə 2018-ci ilin martında “Mançester Yunayted”dən azad agent kimi transfer olunub. Ötən mövsüm komandada 27 oyun keçirən futbolçu 22 qol vurub və 7 məhsuldar ötürmə verib.
“Zlatan ilə yeni müqavilə imzalamaqdan çox şadıq. O, keçən mövsüm klub üçün nə qədər əhəmiyyətli olduğunu göstərdi və biz onun gələn mövsümdə də komandada çıxışını səbirsizliklə gözləyirik. Mövsümlərarası dövrdə Zlatanla komanda oyununu yaxşılaşdırmağı davam etdirəcəyik”, - deyə “Los-Angeles Galaksi” klubunun baş direktoru Dennis Te Klose bildirib.
Daha əvvəl futbolçunun İtaliyanın “Milan” klubuna keçəcəyi bildirilsə də, bu transfer baş tutmayıb.