ELM VƏ TƏHSİL
Zoologiya İnstitutunda fermer təsərrüfatı ilə məşğul olanlar üçün kurslar yaradılıb
Bakı, 13 oktyabr, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) quşçuluq, göl balıqçılığı, eləcə də zəlilər və ilanlarla bağlı kurslar təşkil edilib.
Bunu Zoologiya İnstitutunun direktoru, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Elman Yusifov AZƏRTAC-a müsahibəsində bildirib. Onun sözlərinə görə, fermer təsərrüfatı ilə məşğul olanlar üçün nəzərdə tutulan bu kurslarda institutun alimləri dərs keçirlər.
“Təbii su hövzələrində balıqlar seyrək olduğundan onların arasında xəstəliklər az yayılır. Ancaq süni ekosistemdə balıqlar sıx yaşadığı üçün birinin paraziti o birisinə çox tez keçir. Buna görə göl balıqçılığı ilə məşğul olanlar üçün bu kursları yaratmışıq ki, xəstəliklərə qarşı mübarizə apara bilsinlər. Artıq “Azərsun Holdinq”in əməkdaşları üçün ilanlarla bağlı təlim keçdik. Təlimin sonunda şirkətin mütəxəssislərinə sertifikatlar verildi”, - deyə E.Yusifov bildirib.