ELM VƏ TƏHSİL
Zoologiya İnstitutunda tanınmış hidrobioloq alimin 80 illik yubileyi qeyd olunub
Bakı, 22 aprel, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Zoologiya İnstitutunun hidrobiologiya laboratoriyasının müdiri, biologiya üzrə fəlsəfə doktoru Adil Əliyevin 80 illik yubileyinə həsr olunan tədbir keçirilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, tədbirdə Zoologiya İnstitutunun direktoru, fizika üzrə fəlsəfə doktoru Elman Yusifov hidrobioloq alimin mənalı həyat yolundan, zəngin elmi yaradıcılığından danışıb. O bildirib ki, Adil Əliyev Azərbaycanın müxtəlif su hövzələrinin hidrofaunasına dair 200-dən çox elmi məqalənin, 4 toplunun və 2 tərcümənin (“Onurğasızlar zoologiyası” dərsliyinin və “Xəzər dənizi planktonunun ekologiyası”) müəllifidir. Adil Əliyev su tutarları faunası üzrə tam formalaşmış hidrobioloqdur. Onun rəhbərliyi ilə 5 nəfər hidrobiologiyanın müxtəlif sahələri üzrə fəlsəfə doktoru dissertasiyası müdafiə edib.
Tədbirin sonunda yubilyara Zoologiya İnstitutunun, AMEA Azad Həmkarlar İttifaqının fəxri fərmanları və portret xalça təqdim olunub.