ELM VƏ TƏHSİL
Zoologiya İnstitutunun gənc alimləri türkiyəli magistr və doktorantlar üçün seminarlar aparıblar
Bakı, 9 dekabr, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Zoologiya İnstitutunun gənc alimləri Səbinə Bünyatova, Könül Tağıyeva və Aqil Haxıyev Türkiyənin Afyonkarahisar şəhərində “Təbiət elmlərində ərazi və düşərgə texnikaları” mövzusunda təşkil olunan təlimlərə qatılıblar.
Zoologiya İnstitutundan AZƏRTAC-a bildirilib ki, təlimlər Türkiyənin Elmi və Texniki Araşdırmalar Komitəsinin (TÜBİTAK) dəstəyi və Süleyman Dəmirəl Universitetinin təşkilatçılığı ilə keçirilib.
Təlim iştirakçıları qorunan təbiət əraziləri, su hövzələri, biotoplar və vəhşi heyvan populyasiyaları, onlara göstərilən ilk tibbi yardım, fiziki-coğrafi xəritədən istifadə üsulları və bu kimi mövzularla bağlı dəyərli məlumatlar əldə ediblər. Çöl şəraitində həyata keçirilən praktik dərslərə qatılan S.Bünyatova, K.Tağıyeva türkiyəli magistr və doktorantlar üçün “Azərbaycanın onurğalılar faunası”, “Azərbaycanın daxili su ekosistemlərinin faunası” mövzularında seminarlar aparıblar.
Təlimlərin sonunda iştirakçılar üçün keçirilən imtahanın nəticələrinə uyğun olaraq sertifikatlar təqdim edilib.
Gənc alimlərimiz təlim çərçivəsində Süleyman Dəmirəl Universitetinin meşəçilik fakültəsinin dekanı, professor Hüseyin Fakir, şöbə müdiri Hasan Uysal ilə görüşərək birgə layihələrin perspektivləri barədə fikir mübadiləsi aparıblar.