REGİONLAR
“Zorakılıqdan uzaq uşaqlıq” adlı maarifləndirici tədbirlərə start veriləcək
Ağcabədi, 9 yanvar, AZƏRTAC
Gənclər üçün Təhsil Mərkəzi (GTM), UNİCEF-in Azərbaycandakı Ofisi, Avropa İttifaqının birgə layihəsi olan “Azərbaycanda uşaqlar üçün ədliyyə mexanizmlərindən istifadənin dəstəklənməsi” layihəsi çərçivəsində “Aztəminatlı ailələr üçün uşaq hüquqları üzrə hüquqi xidmət mərkəzi” fəaliyyətini uğurla davam etdirir.
GTM Qarabağ ofisinin rəhbəri Radə Qafarova AZƏRTAC-a bildirib ki, Mərkəzə bir il ərzində Ağcabədi, Bərdə, Beyləqan və Ağdam rayonlarından, eləcə də bu rayonlarda məskunlaşan məcburi köçkünlər tərəfindən 358 müraciət daxil olub. Müraciətlərdə sosial müavinətlər, sağlamlıq, əlilliyi olan uşaqların hüquqları və alimentlə bağlı məsələlər üstünlük təşkil edib.
Xidmətin daha da əlçatan olması məqsədilə layihə çərçivəsində mobil xidmət göstərilməklə mərkəzin sosial işçiləri və hüquqşünasları tərəfindən yerlərə səfərlər təşkil edilib. Bu isə problemin yerindəcə öz həllini tapmasına köməklik göstərir.
Cari ildə layihə çərçivəsində məişət zorakılığı hallarının azaldılmasına dəstək məqsədilə “Zorakılıqdan uzaq uşaqlıq” adlı maarifləndirici tədbirlərə start veriləcək.