SİYASƏT
Zurab Papaskiri: Gürcüstan və Azərbaycan - ənənəvi mehriban qonşulardır
Tbilisi, 24 oktyabr, AZƏRTAC
Hazırda Gürcüstan-Azərbaycan dövlətlərarası əlaqələrinin əvvəlki kimi nümunəvi olmasını desəm, yəqin ki, orijinal səslənməz.
Bu barədə AZƏRTAC-a müsahibəsində Gürcüstanın Suxumi Dövlət Universitetinin professoru, tarix elmləri doktoru Zurab Papaskiri deyib.
Professor vurğulayıb: “Bəzi bədxahlarımızın, ölkələrimizi qarşı-qarşıya qoymağı çoxdan arzulayan qüvvələrin aşkarcasına təhrikçi, tamamilə gərəksiz düşməncəsinə çıxışlarla bu münasibətləri korlamaq cəhdlərinə baxmayaraq, bu, belədir. Əlbəttə qonşular arasında, hətta Gürcüstan və Azərbaycan kimi ənənəvi mehriban qonşular olsalar belə, mübahisəli məsələlər yarana bilər. Lakin bu məsələlər hər iki tərəfin razılığı ilə, bizim qardaş əlaqələrimizə xələl gətirə biləcək lüzumsuz populist hay-küy olmadan həll edilməlidir. İndi, Azərbaycan xalqının bütün ölkə ərazisində Konstitusion qaydaların bərqərar olması uğrunda mübarizə apardığı bir vaxtda burada kimlərinsə qaldırdığı hər hansı sapmalar xüsusilə qəbuledilməzdir”.
Zurab Papaskiri qeyd edib ki, son onilliklər ərzində (xüsusən dövlət müstəqilliyinin bərpasından sonra) rəhbərlərimizin müdrik və uzaqgörən siyasəti sayəsində çox böyük müsbət təcrübə toplanıb. Bu təcrübə xalqlarımız arasında dostluğun və qardaşlığın daha da möhkəmlənməsi üçün davamlı bünövrə olacaq. Məhz bu siyasət sayəsində Azərbaycan və Gürcüstan arasında qarşılıqlı əlaqələr nümunəvi xarakter kəsb edib. Məhz bu siyasət nəticəsində dövlətlərimiz iqtisadiyyat sahəsində əməkdaşlığı yeni səviyyəyə qaldırmaq, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum və digər qlobal regional enerji layihələrini həyata keçirmək imkanı qazanıblar.
Xətai Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi