ELM VƏ TƏHSİL
® AzeROBOT Education YENİ DÜNYAYA BAXIŞ TƏRZİ
Bakı, 5 oktyabr, AZƏRTAC
Qısa müddətdə böyük rəğbət qazanan AzeRobot education Azərbaycanda gənclər və məktəblilər üçün robototexnika, mühəndislik və proqramlaşdırma, eləcə də digər sahələr üzrə təlimlər və kurslar təşkil edən şirkətdir. Kurslarda tədris 3 dildə aparılır: Azərbaycan, rus və ingilis dillərində. AzeRobot education şirkətinin nəzdində robototexnika dərsləri, mental arifmetika, şahmat, proqramlaşdırma, fizikanın əsasları, kompüter kursları keçirilir.
AZƏRTAC xəbər verir ki, 5 yaşdan yuxarı hər kəs AzeRobot education mərkəzində keçirilən kurslardan yararlana bilər. Robototexnika — texnologiya ilə bağlı bir sahəsi olaraq, robotları, onların dizayn edilməsini, qurulmasını, idarə edilməsi metodlarını, informasiya emalı üçün yaradılan kompüter sistemlərini öyrənir. Bu sahənin inkişafı öz növbəsində, sənayenin avtomatlaşdırılmasının sürətli inkişafına təsir göstərir. Çünki bu texnologiyalar sənayedə insan faktorunun gücünü azaltmağa kömək edir. Unutmayaq ki, robototexnika – gələcək üçün yaxşı perspektivlər deməkdir. Robototexnika ilə məşğul olan uşaqlar gənc yaşlarından öz gələcəyini qura bilər.
Daha ətraflı AzeRobot Education mərkəzinin rəhbəri İmamir Mirzəyeva danışacaq:
- İlk öncə AzeRobot Education mərkəzini oxucularla tanış etməyinizi xahiş edirik. Bu mərkəzin özəlliyi nədədir?
- AzeRobot Education mühəndislik, proqramlaşdırma kurslarını həyata keçirən, uşaqların erkən inkişafı üçün, gələcəkdə uğurlu fərd yetişmələri üçün dəstək olan yeni yaradılmış tədris mərkəzidir. Avqust ayında Koroğlu filialının açılışı oldu. Bu, əsas mərkəzdir. Ondan əlavə Bakı kəndlərində Balaxanı, Pirşağı, Ramana, Bilgəh və Səbail rayonu, Dövlət Təhlükəsizlik Xidmətinin Mədəniyyət Mərkəzində yerləşən Şəhriyar filialı fəaliyyət göstərir. Bu mərkəzdə uşaqların istedadının üzə çıxmasına kömək edən tədris həyata keçirilir. Yeni nəsil texnikaya böyük maraq göstərir. Bizdə həm də robototexnika sahəsində olan qabiliyyət inkişaf etdirilir. Ona görə AzeRobot digər mərkəzlərdən fərqlidir.
- Maraqlıdır, niyə Bakı kəndləri. İlk açılışı Balaxanı qəsəbəsində etməyinizin səbəbini bilmək istərdik.
- Düşünürük ki, Bakı kəndlərində tədris mərkəzlərinin olmasına daha çox ehtiyac var. Dövlətimiz tərəfindən Bakı kəndlərinin abadlaşdırma işləri ilk olaraq Balaxanı qəsəbəsindən başladı. Vaxtilə Balaxanı kəndi Bakının əsas sənaye istehsalı və neft mərkəzlərindən biri idi. Kənd əhalisi çox zəhmətkeşdir. Onların övladlarının inkişafına, istedadlarının aşkar edilməsinə dəstək olmaq lazımdır. Söz verdiyimiz kimi, ilk olaraq Balaxanı filialından başlayırıq fəaliyyətə. Azərbaycanın digər bölgələrində də filiallarımızın açılmasını düşünürük.
- AzeRobot education olaraq məqsədiniz nədir?
- Əsas məqsədimiz Bakı kəndlərində istedadlı uşaqları üzə çıxarmaq, xaricdə keçirilən yarışlarda onların ölkəmizi təmsil etmələrinə, adımızı yüksəklərə qaldırmalarına dəstək olmaqdır. Tədris mərkəzimizdə əsas fənn robototexnikadır. Dünyanın bir çox ölkələrində bu elm sahəsinin inkişafına böyük dəstək var.
Bu texnologiyaya maraq ən qədim zamanlardan mövcuddur. Çünki insanlar özləri yox, öz yerlərinə başqalarını işlətmək istəmişlər. Bu problem başlanğıcda qul əməyindən istifadə ilə həll olunsa da, son bir neçə yüz ildə avtomatlaşdırılmış sistemlər və robotlar onların yerini tutubdur. Bu sahəyə marağın ən qədim zamanlardan olmasına baxmayaraq, robototexnikanın araşdırılmasına və bir elm kimi öyrənilməsinə XX əsrdən başlanılıb.
Günümüzdə robototexnika elmi bir çox sənaye, məişət və sosial problemləri həll edir.
Qardaş Türkiyədə 13 yaşlı uşaq uçaraq mina aşkar edən dron ixtira edib. Biz inanırıq ki, Azərbaycanda da belə istedadlı uşaqlar çoxdur və onlara dəstək olub uğurlarına birgə şahid olacağıq.