İQTİSADİYYAT
® “Azercell” “Kibertəhlükəsizlik həftəsi”nə qoşulub
“Azercell Telekom” MMC bölgələrdə “Təhlükəsiz internet” mövzusuna dair təlimlər təşkil edir
Azərbaycanda ilk dəfə olaraq kibertəhlükəsizlik sahəsində maarifləndirmə və informasiya təhlükəsizliyi mədəniyyətinin formalaşdırılması, informasiya proseslərinin mühafizəsinə nail olmaq məqsədilə martın 11-15-də Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən beynəlxalq “Kibertəhlükəsizlik həftəsi” keçirilir. “Kibertəhlükəsizlik həftəsi”nin əsas istiqamətlərindən biri virtual dünyada uşaqların təhlükəsizliyinin təmin edilməsidir. Bu sahədə böyük təcrübəsi olan “Azercell Telekom” MMC həftənin aktiv iştirakçılarından biridir. Qeyd edək ki, “Kibertəhlükəsizlik həftəsi” çərçivəsində “Azercell” tərəfindən təhsil müəssisələrində uşaqlar, valideynləri və müəllimlər üçün internetdən təhlükəsiz istifadə mövzusunda təlimlər təşkil edilir. Artıq martın 4-dən 7-dək Şəmkirdə “Azercell”in dəstəyi ilə “Azərbaycan Müəllim İnkişafı Mərkəzi” tərəfindən “İnternet təhlükəsizliyi və rəqəmsal vətəndaşlıq” mövzusunda təlim keçirilib. Təlimdə 166 şagird, 38 müəllim və valideyn iştirak edib.
Təlimlərdə böyüklərlə yanaşı, uşaqların da həyatının ayrılmaz hissəsinə çevrilən internetdə rastlanan təhlükələr barədə məlumat verilir. Yüzlərlə iştirakçısı olan treninqlərdə məktəblilərə kibertəhlükəsizlik anlayışı aşılanır, internetdən gələn təhlükənin dərəcəsi, səbəbləri araşdırılır. Uşaqlar təhlükəsiz portallarla tanış edilir, onlara təhlükəsiz axtarış saytlarından istifadə qaydaları öyrədilir. Təlimlərdə internetdəki təhlükəli oyunlar, ekstremizm çağırışları, insanların maliyyə məlumatlarının, özəl informasiyanın oğurlanması kimi hallarla mübarizə yollarından bəhs olunur, internet təhlükəsizliyi, təhlükəsiz ev mühiti, şagirdlərin üzləşə biləcəkləri çətinliklərlə bağlı ətraflı məlumat verilir. Təlimlərdə, eyni zamanda, müəllim və valideynlərə qurğuların kibertəhlükələrdən mühafizəsi, loqin və parolların kibermüdafiəsi, təhlükəsiz paylaşma üsulları öyrədilir, şəbəkədən səmərəli istifadə ilə bağlı tövsiyələr verilir, uşaqlar üçün yaradılmış təhlükəsiz resursların siyahıları, internetdən təhlükəsiz istifadənin əsaslarını öyrədən materiallar təqdim olunur.
Qeyd edək ki, indiyədək Azərbaycanın müxtəlif bölgələrində “Azercell”in təşəbbüsü ilə məktəblilər, valideynlər və müəllimlər üçün keçirilən bu cür təlimlər, gələcəkdə də mütəmadi olaraq təşkil olunacaq.
“Kibertəhlükəsizlik həftəsi” çərçivəsində “Azercell Telekom” MMC-nin növbəti təlimi martın 11-dən 15-dək Gəncədə baş tutacaq.
Dünyada kibertəhlükələrin sayı və əhatə dairəsi genişləndiyindən, hazırda valideyn nəzarəti proqramlarına daha çox ehtiyac yaranmaqdadır. Bu baxımdan, artıq 3 ildir ki, tətbiq olunan “Azercell Plus Təhlükəsizlik” proqramı böyük əhəmiyyət kəsb edir. Bu proqram uşaqlar üçün internet şəbəkəsində təhlükəsizliyə yönəldilmiş “Universal Müdafiə”, “Android üçün müdafiə” və “Valideyn nəzarəti” xidmətlərini əhatə edir. Bu proqram uşağın sosial şəbəkələrdə postlarını və dostlar siyahısındakı dəyişiklikləri izləməyə, onun qoşulduğu qruplardan xəbərdar olmağa, yerini müəyyənləşdirmək və onun üçün təhlükəsiz ərazi yaratmaq imkanı verir.
Qeyd edək ki, “Kibertəhlükəsizlik həftəsi”nin məqsədləri sırasında əhalinin bu sahədə maarifləndirmə səviyyəsinin artırılması, habelə ümummilli hazırlığın yüksəldilməsinə nail olmaq mühüm yer tutur. Həftə çərçivəsində fərqli qurumların dəstəyi ilə müxtəlif forum və tədbirlər, müsabiqələr də təşkil olunacaq.
Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.
Azərbaycanın mobil rabitə sektorunun lideri və qeyri-neft sektorunun ən böyük vergiödəyicisi, sərmayəçisi “Azercell Telekom” MMC 1996-cı ildə təsis edilib. Azərbaycanın mobil rabitə sektorunda 49 faiz bazar payına malik olan “Azercell”in şəbəkəsi ölkə ərazisinin 99,1 faizini (işğal altında olan ərazilər istisna olmaqla), əhalinin isə 99,8 faizini əhatə edir. Hazırda 4,5 milyon abunəçi “Azercell”in xidmətlərindən istifadə edir. Ölkəyə bir sıra yenilikləri ilk dəfə olaraq məhz “Azercell” gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, mobil internet xidmətləri, metropoliten ərazisində şəbəkənin qurulması, 24/7 Telefon Mərkəzi, həftənin 7 günü fasiləsiz ön ofis xidmətləri, M2M xidmətləri, 1 nöqtədə 3 xidmət göstərən “Azercell Ekspres” ofisləri, mobil müştəri xidmətləri, onlayn müştəri xidmətləri və sosial media üzərindən müştəri xidmətləri, mobil elektron imza xidməti “Asan İmza” və sair. 2012-ci ildə “Azercell” ölkədə ilk dəfə 4G xidmətini təqdim etmişdir. Radio siqnalların şəbəkə keyfiyyətini ölçən və simsiz rabitənin əhatə dairəsi üzrə ixtisaslaşan beynəlxalq sistemlər tərəfindən aparılmış araşdırmaların nəticələrinə əsasən, “Azercell” şəbəkəsi Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirib. “Azercell” ölkədə və MDB məkanında beynəlxalq “Investors In People” İnsana Sərmayə “Qızıl Sertifikatı”na layiq görülən yeganə şirkətdir.