İQTİSADİYYAT
® “Azercell” tələbələrə aylıq təqaüd verəcək
Şirkət növbəti Tələbə Təqaüdü Proqramını elan edir
İqtisadi baxımdan getdikcə güclənən, bazar iqtisadi münasibətlərinin daha təkmil şəkildə formalaşmasına önəm verən Azərbaycan üçün təhsilin inkişafı, peşəkar, savadlı kadrların yetişməsi olduqca əhəmiyyətlidir. Bunu nəzərə alan “Azercell Telekom” MMC öz sahəsində peşəkar olmaq, gələcək karyerasında uğur qazanmaq istəyən tələbələrə növbəti imkanı yaradır. Daima Azərbaycanın akademik potensialının yüksəlməsinə yönəlmiş layihələri dəstəkləyən şirkət bu il də Tələbə Təqaüdü Proqramını elan edir.
2018-ci il sentyabrın 18-dən etibarən “Azercell” öz bacarığına və savadına güvənən bütün tələbələri bu proqramdan yararlanmağa çağırır. Tələbələr oktyabrın 18-dək şirkətin rəsmi veb-səhifəsinə (www.azercell.jobs) daxil olub qeydiyyatdan keçməlidirlər. Ərizələr yalnız onlayn şəkildə qəbul edilir. Qeyd edək ki, proqramın bütün seçim mərhələlərini uğurla adlayan tələbələr cari təhsil müddətinin sonuna qədər şirkət tərəfindən müəyyənləşdirilmiş təqaüd alacaq. Bundan əlavə bu proqram çərçivəsində tələbələr telekommunikasiya sahəsi haqqında biliklərini artırmaq, şirkətin korporativ tədbirlərində və sosial fəaliyyətində iştirak etmək, müxtəlif təlimlərə qatılmaq və şirkətdə təcrübə keçmək imkanını əldə edə biləcəklər. Qeyd edək ki, tələbələr tərəfindən böyük maraqla qarşılanan bu proqram 2008-ci ildən etibarən hər tədris ilində təqdim edilir. Bu günədək Azərbaycanın müxtəlif universitetlərində təhsil alan 150-dən çox tələbə şirkətin fəxri təqaüdçüsü adına layiq görülüb.
Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət etmək olar.
Azərbaycanın mobil rabitə sənayesinin lideri və qeyri-neft sektorunun ən böyük sərmayədarı “Azercell Telekom” MMC 1996-cı ildə təsis edilib. Azərbaycanın mobil rabitə bazarındakı payı 48 faiz olan “Azercell”in şəbəkəsi ölkə ərazisinin 80 faizini, əhalinin 99,8 faizini əhatə edir. Bu gün 4,5 milyon nəfər “Azercell”in xidmətlərinə seçir. Bir sıra innovativ texnologiya və konsepsiyaları ilk dəfə olaraq Azərbaycana “Azercell” gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, 24/7 Telefon Mərkəzi, onlayn müştəri xidmətləri, GPRS/EDGE, M2M, MobilBank, 1 nöqtədə 3 xidmət göstərən Azercell Ekspress ofisləri, mobil elektron xidməti “Asan İmza” və s. 2012-ci ildə “Azercell” ölkədə ilk 4-cü nəsil LTE xidmətini təqdim edib. Mobil şəbəkə keyfiyyətinin araşdırmasını aparan “Global Wireless Solutions” şirkətinin, eləcə də radio siqnalların şəbəkə keyfiyyətini ölçən “Opensignal” və “Testmy.net” kimi beynəlxalq sistemlərin nəticələrinə əsasən, “Azercell” şəbəkəsi bir çox parametrlərə görə, Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirib.