İQTİSADİYYAT


® “Azercell”in LTE istifadəçilərinin sayı 1 milyonu ötüb

Növbəti ildə “Azercell” 4G əhatə dairəsinin genişləndirilməsi işlərini davam etdirəcək

Bakı, 31 dekabr, AZƏRTAC

Yola salmaqda olduğumuz 2018-ci il “Azercell Telekom” MMC üçün uğur və nailiyyətlərlə yadda qaldı. Bu il ərzində şirkət tərəfindən şəbəkənin gücləndirilməsi və əhatə dairəsinin genişləndirilməsi, ölkənin bütün bölgələrində abunəçilərin yüksək sürətli internetlə təmin olunması məqsədilə ardıcıl işlər görülüb, respublikanın bir çox regionlarında yeni 4G stansiyaları quraşdırılıb. Nəticədə ölkə üzrə LTE istifadəçilərinin sayı artaraq 1 milyonu keçib. Bu, “Azercell”in təqdim etdiyi keyfiyyət və xidmət səviyyəsini nümayiş etdirən mühüm göstəricidir.

2018-ci ilin ikinci yarısında dünya bazarında aparıcı mobil rabitə avadanlığı istehsalçıları olan “Ericsson” və “Nokia” şirkətləri ilə “Azercell”in şəbəkəsinin əhatə dairəsinin genişləndirilməsi, tutumunun və keyfiyyətinin artırılması üzrə mühüm müqavilələr bağlanılıb. Müqavilələr çərçivəsində il ərzində Azərbaycanın daha 30 rayonunda “Azercell”in 4G şəbəkəsi qurulub. Hazırda Bakı və Abşeron yarımadası ilə yanaşı, 42 rayonda “Azercell”lilər 4G şəbəkəsindən rahat istifadə edə bilirlər. Bütün bunlar “Azercell” abunəçilərinə sürətli internet xidmətinin üstünlüklərindən yararlanmaq imkanı verir.

Beləliklə, ölkədə 4G xidmətini ilk dəfə abunəçilərinə təqdim edən və Azərbaycanın bütün bölgələrini yüksək sürətli mobil internetlə təmin etməyi hədəfləyən “Azercell”in 4G əhatə dairəsi 2018-ci ildə 2 dəfə genişlənib, mobil internetdən istifadə həcmi isə 50 faiz artıb.

“Azercell” radio şəbəkəsində genişləndirmə ilə yanaşı, bir sıra keyfiyyət göstəricilərini yaxşılaşdırmaq yönündə optimallaşdırma tədbirlərini də həyata keçirib. Bu tədbirlər şəbəkə kəsintilərinin qarşısının alınması, həmçinin internet sürətinin artırılmasına yönəldilib.

Geridə qalan ildə “Azercell” ölkə daxilində abunəçilərini yüksək sürətli internetlə təmin etməklə yanaşı, “Rouminqdə İnternet Paketləri” layihəsini də istifadəyə verib. Bununla da şirkət istifadəçilərin səfər və səyahətlər zamanı üzləşə biləcəyi yüksək internet xərcləri ilə bağlı xoşağəlməz halların qarşısını alıb. Belə ki, səyahət zamanı “Azercell” abunəçiləri 50 ölkədə, 67 operator şəbəkəsində 1 GB və 400 MB həcmində təklif olunan Rouminq İnternet paketləri ilə sürətli internetdən faydalana bilərlər.

Ölkənin mobil kommunikasiya sektorunun lideri olan “Azercell Telekom” MMC 2019-cu ildə də abunəçilərinin yüksək keyfiyyətli xidmətlər və texnoloji yeniliklərlə təmin olunması istiqamətində fəaliyyətini davam etdirəcək.

Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.

Azərbaycanın mobil rabitə sektorunun lideri və qeyri-neft sektorunun ən böyük vergiödəyicisi və sərmayəçisi “Azercell Telekom” MMC 1996-cı ildə təsis edilib. Azərbaycanın mobil rabitə sektorunda 48 faiz bazar payına malik olan “Azercell”in şəbəkəsi ölkə ərazisinin 80 faiz (işğal altında olan 20 faiz ərazi istisna olmaqla), əhalinin isə 99,8 faizini əhatə edir. Hazırda 4,5 milyon abunəçi “Azercell”in xidmətlərindən istifadə edir. Ölkəyə bir sıra yenilikləri ilk dəfə olaraq məhz “Azercell” gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, mobil internet xidmətləri, metropoliten ərazisində şəbəkənin qurulması, 24/7 Telefon Mərkəzi, həftənin 7 günü fasiləsiz ön ofis xidmətləri, M2M xidmətləri, 1 nöqtədə 3 xidmət göstərən “Azercell Ekspres” ofisləri, mobil müştəri xidmətləri, onlayn müştəri xidmətləri və sosial media üzərindən müştəri xidmətləri, mobil elektron imza xidməti “ASAN İmza” və s. 2012-ci ildə “Azercell” ölkədə ilk dəfə 4G xidmətini təqdim edib. Radio siqnalların şəbəkə keyfiyyətini ölçən və simsiz rabitənin əhatə dairəsi üzrə ixtisaslaşan beynəlxalq sistemlər tərəfindən aparılmış araşdırmaların nəticələrinə əsasən, “Azercell”in şəbəkəsi Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirib. “Azercell” ölkədə və MDB məkanında beynəlxalq “İnvestors İn People” İnsana Sərmayə Qızıl Sertifikatına layiq görülən yeganə şirkətdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.