İQTİSADİYYAT
® “Azercell”in dəstəyi ilə keçirilən “Seedstars Baku 2019” müsabiqəsinin qalibi bəlli olub
“Azercell Telekom” MMC-nin dəstəyi və Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin təşkilatçılığı ilə iyunun 15-16-da startaplar arasında keçirilən ”Seedstars World” müsabiqəsinin yerli seçimləri baş tutub. “Hyatt Regency” otelində təşkil olunan yarışmada münsiflər heyəti qarşısında öz layihələrini təqdim etmək üçün dəvət olunan 7 startap sırasından “Wexplain” qalib seçilib.
Məlumat üçün bildirək ki, “Wexplain” qərarlar qəbul olunması və ya məlumat mübadiləsi üçün toplantı təşkil etmək ehtiyacını azaldacaq yeni qurulmuş onlayn bir platformadır. Təklif etdiyi innovativ və davamlı həll sayəsində qalib gəlməyə müvəffəq olan bu startap Azərbaycanı 2019-cu ilin dekabrında Qazaxıstanda keçiriləcək “Seedstars CEE” regional sammitində təmsil etməklə yanaşı, bütün xərclər qarşılanmaqla, 2020-ci ilin aprelində İsveçrədə baş tutacaq “Seedstars World” yarışmasına qatılmaq, bununla da, “Seedstars Global Winner” adı və 500 min ABŞ dolları dəyərində sərmayə yatırımı qazanmaq uğrunda mübarizə aparacaq.
Tibb elmləri sahəsində araşdırmalarla məşğul olan şəxslər üçün dərmanların təftiş məlumatlarını strukturlaşmış formaya salaraq, statistikanın aparılmasında yardımçı olan tətbiq təklif edən “APDVoice” müsabiqədə ikinci yerə layiq görülüb. Əşyaların İnterneti (IoT) texnologiyasına əsaslanan ağıllı tullantı toplanması sistemini təklif edən “WASCO” startapı isə üçüncü pillədə qərarlaşıb. Məlumat üçün bildirək ki, “Eleven Kings”, “Owbike”, “Real English” və “Senmur” yarışa dəvət olunan startaplar sırasında olub.
Qeyd edək ki, “Seedstars” inkişaf etməkdə olan ölkələrdə regional məsələlərin həllini hədəfləyən, onların regional bizneslərinə və inkişafına dəstək vermək məqsədilə qlobal bazar üçün gəlirli və davamlı məhsullar hazırlayan bacarıqlı startaplar axtarışındadır. “Azercell Telekom” MMC və “PAŞA Bank”ın dəstəyi ilə informasiya texnologiyaları sahəsində fəaliyyət göstərən layihələrin, yaranmaqda olan startapların müstəqil şirkət kimi inkişaf etməsinə kömək edən Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi artıq 7 ildir ki, “Seedstars Baku” müsabiqəsinin yerli təşkilatçısı qismində çıxış edir.
Daha ətraflı məlumat üçün “[email protected]” ünvanına müraciət edə bilərsiniz.