İQTİSADİYYAT
® Audi Bakı Mərkəzində yeni "Audi Q 8" modelinin təqdimatı keçirilib
Bakı, 13 oktyabr, AZƏRTAC
Oktyabrın 13-də Audi Bakı Mərkəzində yeni "Audi Q 8" modelinin təqdimat mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, mərasimdə çıxış edən Audi Bakı Mərkəzinin icraçı direktoru Əli Əhədov mərkəz və avtomobillər haqqında geniş məlumat verib. Ə.Əhədov bildirib ki, "European Cars" şirkəti 2012-ci ildən Audi brendinin ölkəmizdə rəsmi nümayəndəsi olaraq fəaliyyət göstərir. O qeyd edib ki, təqdim olunan "Q 8" modelində sərnişinlərin təhlükəsizliyi və rahatçılığı maksimum təmin edilib.
Mərkəzin marketinq meneceri Xanım Orucova yenilənmiş sayt və "Audi Q 8" və digər modellər haqqında geniş məlumat verib. X.Orucova bildirib ki, saytımızda "Audi" öz avtomobillərini sata və istənilən modelin onlayn test drayvına yazıla bilər. O, "Q 8" modelinin xarici dizaynı və son texnologiyalar ilə təmin olunmuş salon interyeri haqqında danışıb.
Mərkəzin texniki təlimçisi Murad Ağayev avtomobilin texniki göstəriciləri haqqında məlumat verərək qeyd edib ki, kupe krossover seqmentində ən yüksək texnoloji cihazlar ilə təchiz olunan yeni “Audi Q 8" modeli V6 silindrli, 3 litrlik mühərriklə təchiz olunub, birbaşa püskürməli, turbo hava soyutma, yüngül hibrid benzin mühərriyinə və 340 at gücünə malikdir. M.Ağayev vurğulayıb ki, bu avtomobil ekoloji standartlara uyğun, rahat və təhlükəsizdir.
Sonda "Audi" həvəskarlarının sualları cavablandırılıb.