İQTİSADİYYAT


® Beynəlxalq İnformatika olimpiadasında uğur qazanan şagirdlərə “Azercell Telekom” tərəfindən hədiyyələr verilib

Məktəblilərimiz informatika fənni üzrə müxtəlif miqyaslı beynəlxalq olimpiadalarda ölkəmizi uğurla təmsil edərək 1 qızıl, 1 gümüş və 8 bürünc medal olmaqla ümumilikdə 10 medal qazanıblar.

Təhsil İnstitutu tərəfindən icra edilən layihə çərçivəsində “Azercell Telekom” MMC-nin dəstəyi ilə informatika üzrə beynəlxalq olimpiadalara hazırlaşan məktəblilərimiz ötən il ərzində dəfələrlə mötəbər bilik yarışlarına qatılaraq yüksək nəticələr əldə ediblər. 2020-ci ilin ilk belə yarışı yanvar ayında Qazaxıstanın Almatı şəhərində keçirilən 16-cı Beynəlxalq Jautıkov Olimpiadası olub. 20 ölkədən 588 şagirdin iştirak etdiyi bu yarışmada informatika fənni üzrə Təhsil Nazirliyinin tabeliyindəki Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 11-ci sinif şagirdləri Abutalıb Namazov (hazırda təhsilini ABŞ Massaçusets Texnologiyalar İnstitutunda (MIT) davam etdirir) qızıl, Murad Eynizadə (hazırda təhsilini Cənubi Koreyanın Elm və Yüksək Texnologiyalar İnstitutunda (KAIST) davam etdirir) gümüş və Gəncə şəhər 15 nömrəli tam orta məktəbin 10-cu sinif şagirdi Əziz Hüseynov bürünc medal qazanıblar.

Azərbaycan məktəbliləri ötən ilin avqustunda keçirilən Asiya-Sakit Okean İnformatika Olimpiadasında da 33 ölkədən olan iştirakçılar arasında fərqlənməyi bacarıblar. Belə ki, Murad Eynizadə və Əziz Hüseynov bu nüfuzlu yarışmada bürünc medal sahibi olublar.

Sentyabr ayında Sinqapurda təşkil olunan və virtual formada keçirilən 32-ci Beynəlxalq İnformatika Olimpiadasında da “Azercell”in dəstəklədiyi Azərbaycan komandasının üzvləri yaddaqalan nəticə əldə edərək 3 medal qazanıblar. 350-dək iştirakçı arasında üç azərbaycanlı şagird - Əziz Hüseynov, Abutalıb Namazov və Murad Eynizadə bürünc medala layiq görülüblər.

Ə.Hüseynov daha sonra Bolqarıstanın Şumen vilayətində informatika fənni üzrə 12-ci Beynəlxalq payız turnirində də uğurlu nəticə nümayiş etdirib. O, 17 ölkədən 403 iştirakçının qatıldığı turnirdə bürünc medal qazanıb.

2020-ci il dekabr 16-22-də Moskva şəhərində keçirilən Beynəlxalq Meqapolislər Olimpiadasında Bakı şəhəri 269 nömrəli tam orta məktəbin 11-ci sinif şagirdi Amin Cəlilov bürünc medal əldə edib.

Qeyd edək ki, informatika fənni üzrə beynəlxalq olimpiadalara hazırlıq prosesi 2017-ci ildən etibarən “Azercell Telekom” şirkətinin dəstəyi ilə həyata keçirilir. Mobil operator gənclərin bilik və bacarıqlarının artırılmasına xidmət edən təşəbbüslər çərçivəsində Azərbaycanın müxtəlif bölgələrindən və paytaxt məktəblərindən onlarla şagirdin hazırlıq prosesinə cəlb edilməsinə yardımçı olub. Təhsil İnstitutu ilə birgə icra edilən layihə çərçivəsində bu günə qədər məktəblilərimiz informatika fənni üzrə 1 qızıl, 6 gümüş və 18 bürünc medal olmaqla ümumilikdə 25 medal qazanıblar.

Bütün bu uğurlar, qazanılan medalların sayının və əyarının yüksəlməsi informatika üzrə istedadlı şagirdlərin aşkar edilməsi və onların dəstəklənməsi üçün təşəbbüslərin real nəticə verdiyini bir daha sübut edir.

Xatırladaq ki, 2019-cu ildə ölkəmizdə keçirilən 31-ci Beynəlxalq İnformatika Olimpiadasında “Azercell” Rəqəmsal Sponsor qismində çıxış edib.

Davamlı inkişafın əsas amili olan təhsil hər bir dövlətin, cəmiyyətin sağlam gələcəyinin etibarlı bünövrəsidir. Məhz buna görə “Azercell” şirkəti fəaliyyət dövrü ərzində təhsilin və gənclərin inkişafına yönəldilmiş müxtəlif layihələrin təşəbbüskarı və dəstəkçisi qismində çıxış edib, savadlı kadrların yetişdirilməsinə daima dayaq olmağa çalışır.

Daha ətraflı məlumat üçün “news@mcs.az” ünvanına müraciət edə bilərsiniz.

Azərbaycanın mobil rabitə sənayesinin lideri və qeyri-neft sektorunun ən böyük vergi ödəyicisi və sərmayəçisi “Azercell Telekom” MMC 1996-cı ildə təsis edilib. Hazırda 5 milyon abunəçi “Azercell”i seçir. Bazar payı 49 faiz, ölkə ərazisi üzrə əhatə dairəsi 89,3 faiz, ölkə əhalisi üzrə əhatə dairəsi 99,8 faiz təşkil edir. “Azercell” ölkədə və MDB məkanında beynəlxalq “Investors In People” İnsana Sərmayə Qızıl Sertifikatına layiq görülən yeganə şirkətdir. “Azercell” nüfuzlu “STEVIE 2020” müsabiqəsində yüzlərlə təşkilat arasında “İlin telekommunikasiya şirkəti” adını qazanıb, bu nominasiya üzrə ən yüksək pillədə qərarlaşaraq qızıl mükafatı əldə edib. Ölkəyə bir sıra yenilikləri ilk dəfə olaraq məhz “Azercell” gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, mobil internet xidmətləri, 24/7 Telefon Mərkəzi (*1111), 7/7 Ön Masa xidmətləri, “Azercell Ekspres” ofisləri, M2M, 4G , mobil və onlayn müştəri xidmətləri, sosial media üzərindən müştəri xidmətləri, mobil elektron imza xidməti “ASAN imza” və sair. Mobil operator “Bakutel 2019” sərgisi çərçivəsində Azərbaycanda ilk dəfə pilot rejimdə 5G texnologiyasının sınaqlarını keçirib. “Azercell”in sürətlə böyüyən 4G şəbəkəsi Bakı və Abşeron da daxil olmaqla, ölkənin 60-a yaxın bölgəsini əhatə edir. Radio siqnalların şəbəkə keyfiyyətini ölçən və simsiz rabitənin əhatə dairəsi üzrə ixtisaslaşan beynəlxalq sistemlər tərəfindən aparılmış araşdırmaların nəticələrinə əsasən, “Azercell”in 4G şəbəkəsi Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.