CƏMİYYƏT
® “Gücümüz həmrəyliyimizdir” devizi altında başladılan layihənin qeydiyyat vaxtı oktyabrın 20-dək uzadılıb VİDEO




Bakı, 28 sentyabr, AZƏRTAC
“Azərbaycan Diplomatiya Mərkəzi” 2018-ci ildən fəaliyyət göstərir. Mərkəz iki illik fəaliyyəti müddətində müxtəlif sosial layihələr həyata keçirib. Hazırda dünyanı cənginə alan koronavirus (COVID-19) pandemiyası ilə mübarizə davam edir. Ölkəmizdə koronavirus pandemiyası ilə əlaqədar xüsusi karantin rejiminin tətbiq olunduğu dövrdə dövlət tərəfindən həyata keçirilən tədbirlərə dəstək məqsədilə “Biz birlikdə güclüyük” devizi altında aksiya təşkil olundu. Bu aksiyada biz də iştirak etdik. Belə xeyirxah təşəbbüslərin davamı olaraq Azərbaycan Diplomatiya Mərkəzi də bu çətin dövrdə öz üzərinə ağır və məsuliyyətli iş götürüb. Belə ki, mərkəz "Gücümüz həmrəyliyimizdir" devizi altında genişmiqyaslı bir layihəyə start verib. Heç bir dövlət qurumuna aidiyyəti olmayan, özəl və öz-özünü maliyyələşdirən layihə 13 min tələbəni əhatə edəcək. Bu layihənin məqsədi sosial təminatı az olan 13 min - 5 min subbakalavr, 8 min bakalavr və magistr tələbəsinin təhsil xərclərinin 50 faizindən azad olunmasını təmin etməkdir.
Müəssisənin təsisçisi və direktoru Fərid Muradoğlu Məmmədov AZƏRTAC-a bildirib ki, layihə 3 mərhələdən ibarətdir: “Birinci mərhələ tələbələrin sosialtelebe.org saytında qeydiyyatdan keçərək şəxsi kabinetlərini yaratmalarıdır. İkinci mərhələ onlarla əlaqə saxlanıldıqdan sonra lazımi sənədlərin mərkəzə təqdim olunmasıdır. Üçüncü mərhələdə "Təhsil Xidmətləri Araşdırma və Təhlili Mərkəzi" tərəfindən layihədə iştirak etmiş tələbələr arasından 13 min tələbənin müəyyənləşdirilməsi və təhsil xərcindən azad olunmasıdır. Layihənin ilk iki mərhələsini öz üzərimizə götürmüşük. Üçüncü mərhələdə "Təhsil Xidmətləri Araşdırma və Təhlili Mərkəzi"nin ekspertləri tərəfindən dövlət portallarına və tələbə-məzun sisteminə daxil olunaraq tələbələrin sənədləri yoxlanılır və onların rəyi nəticəsində təhsil xərclərindən azad olunanlar müəyyənləşdirilir.
İkinci mərhələyə keçmiş tələbələr təqdim edilmiş müqavilə əsasında 39 AZN rəsmi rüsum ödəməklə layihədə iştirak etmək hüququ qazanırlar. Həmin rəsmi rüsum büdcənin formalaşdırılması, layihədə iştirak edən tələbələrin məlumatlarının rəsmi portallarda araşdırılması, sosial anketin aparılması və yoxlanılması üçündür.
Layihənin üçüncü mərhələsindən uğurla və ya uğursuz keçmək haqqında ali təhsil müəssisələrinin tələbələrinin - bakalavr və magistrlərin cavabları noyabrın 1-dən sonunadək bəlli olacaq. Kollec tələbələri isə oktyabrın sonunadək məqbul və qeyri-məqbul cavabını öyrənə biləcəklər. Cavablar SMS vasitəsilə göndəriləcək. Onların ödənişləri də oktyabrın sonundan başlayaraq həyata keçiriləcək. Noyabrın sonlarından isə layihənin sonuncu mərhələsində cavabları məqbul olan ali təhsil müəssisələrinin tələbələri ödənişlərdən azad olunacaq.
Layihə tələbə adını qazanmış birinci kurslara da şamil olunub. Layihənin qeydiyyat vaxtı oktyabrın 20-si axşam saat 18:00-dək uzadılıb. Birinci kurslar, eləcə də layihədən yeni xəbər tutan II-III-IV kurslar həmin vaxta kimi qeydiyyatdan keçə bilərlər. Birinci mərhələdə şəxsi kabinetin yaradılması hələ onların layihədən yararlanması deyil. Onlar ikinci mərhələdə də iştirak etməlidirlər. Bundan sonra həmin tələbələrin ümumi nəticələri bəlli olacaq.
Qeyd edim ki, Azərbaycan Respublikasının dövlət və özəl müəssisələrində əyani və qiyabi təhsil alan, xüsusi kriteriyalara cavab tələbələr layihədən yararlana bilərlər".
Mərkəzin direktoru bildirib ki, təsisçi və rəhbəri olduğu qurum tərəfindən daha bir təşəbbüs həyata keçiriləcək: “Bölgələrimizdə bəzi tələbələrin heç smartfonları da olmadığından onlar onlayn dərslərdə iştirak edə bilmirlər. Onların təhsildən geri qalmaması üçün 200 nəfər tələbəyə planşet təqdim olunacaq. Bununla yanaşı, pandemiya bitdikdən və əyani dərslər başladıqdan sonra 1000-ə yaxın tələbənin bir aylıq yol xərcləri qarşılanacaq".