İQTİSADİYYAT
® “Nar” 4G istifadəçilərinin sayı bir ildə 2 dəfədən çox artıb
Ölkənin ən gənc mobil operatoru “Nar”ın 4G istifadəçilərinin sayı sürətlə artmaqdadır. 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə “Nar” 4G internetindən istifadə edənlərin sayı 110 faiz artaraq 600 mindən çox olub. Ümumilikdə, “Nar” abunəçilərinin 25 faizi yüksəksürətli 4G internetinin istifadəçisidir. Mobil operatorun 4G istifadəçilərinin sayının artmasına ölkə ərazisində yeni baza stansiyalarının sürətlə quraşdırılması, eləcə də 4G smartfon penertasiyasının artımı təsir edib. Belə ki, son 1 ildə “Nar”ın smartfon istifadəçilərinin sayı 20 faiz çoxalıb.
Qeyd edək ki, “Nar” 4G xidmətini paytaxtla yanaşı, bölgələrdə, şəhər və rayon mərkəzlərində də təqdim etməkdədir. Ötən ilin müvafiq dövrü ilə müqayisədə bölgələrdə internet istifadəçilərinin sayı 75 faiz artıb. “Nar” 4G istifadəçilərinin 71 faizi paytaxt Bakının, 29 faizi isə regionların payına düşür. Mobil operatorun 4G baza stansiyalarının təqdim etdiyi yüksəkkeyfiyyətli mobil internet xidməti nəticəsində, internet trafikinin həcmi son 1 ildə 70 faizədək yüksəlib.
4G keyfiyyəti ilə yanaşı, “Nar”ın təklif etdiyi sərfəli qiymətlər abunəçilərin mobil internetdən daha çox istifadəsinə şərait yaradır. Limitsiz internet paketləri, müştərilərə həm internet, həm danışıq dəqiqələrini paket şəklində bir arada almaq imkanı verən tariflər “Nar” 4G istifadəçilərinin sayının artmasına təsir edib.
Mobil operatorun şəbəkəsi haqqında ətraflı məlumatı nar.az saytından əldə edə bilərsiniz.
“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 2007-ci il martın 21-də fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. “Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 97 faizini (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir və 7400-dən çox baza stansiyası ilə 2,2 milyondan artıq abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.