İDMAN


® “PUBG Mobile” üzrə onlayn növbəti yarış günü sürpriz nəticələrlə yadda qalıb

Bakı, 18 sentyabr, AZƏRTAC

Böyük maraqla izlənilən “PUBG Mobile” virtual döyüş növü üzrə Azərbaycan birinciliyinin növbəti yarış günü sürpriz nəticələrlə yadda qalıb.

AZƏRTAC xəbər verir ki, sentyabrın 16-da keçirilən oyunların nəticəsində 3 xəritədə mübarizə aparan 32 komanda arasında ən yaxşı nəticə Bakı təmsilçisi “Nova Azerbaijan” komandası əldə edib. Oyun ərzində cütlük 46 xal və 11 “kills” (məhv) ilə diqqəti cəlb edib. İkinci pillənin sahibi isə Qarabağı təmsil edən “Lucky” komandası olub. Komanda oyunu 42 xal və 12 “kills” ilə başa vurub. Oyun ərzində isə ən çox “kills” nəticəsini “Blitz2” cütlüyündən “bitzTHMSN” ləqəbli Anar Cavadzadə göstərib.

Sentyabrın 17-də keçirilən oyun günündə isə Qazax təmsilçisi “Clay VPN” komandası 63 xal və 23 “kills” ilə birinciliyi əldə edərkən, ikinci yer Bakının olub. “NoTime Team” komandası oyunu 53 xal və 11 “kills” ilə başa vurub.

Oyun ərzində isə ən çox “kills” nəticəsi uğrunda gərgin qarşıdurma baş verib. Belə ki, bu dəfə bu ada iki iştirakçı nail olub. 10 “kills” ilə “Dual Beretta” komandasından “MS』SenSei๛” adlı Abdurza Yusifov və “Clay VPN” komandasından “clayGULIYEV” ləqəbli Kənan Quliyev günün ən yaxşıları seçiliblər.

Qeyd edək ki, “PUBG Mobile” virtual döyüş növü üzrə Azərbaycan birinciliyində 512 komandanın tərkibində ümumilikdə 1024 iştirakçı mübarizə aparır. On altı qrupda yer alan bu komandalar üç müxtəlif xəritədə güclərini sınayırlar. Hər qrupda ilk iki yeri tutan komandalar böyük finala vəsiqə qazanacaqlar. Sentyabrın 21-də baş tutacaq final mübarizəsində isə ilk beş yeri tutan komandaların üzvlərinə “MyShops.az” tərəfindən müxtəlif markalı 10 mobil telefon hədiyyə ediləcək.

GLA-nın təşkilatçılığı ilə keçirilən turnirin tərəfdaşları Müdafiə Sənayesi, Gənclər və İdman, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirlikləri, Kiber İdman Federasiyası və “MyShops.az” onlayn alış-veriş saytıdır.

2019-cu ilə qədər olan statistikaya görə, 400 milyondan artıq insanın marağını qazanan kiber idman sahəsinin məşhurluğu bu gün də artmaqdadır. Kiber idman oyunları test oyun olaraq 2022-ci ildə baş tutacaq 19-cu Asiya Oyunlarının proqramına daxil edilib. Azərbaycanda isə 2019-cu ildə yaranmış, kiber idman turnirləri həyata keçirən GLA bu günədək 10-dan çox kiber idman çempionatı təşkil edib. Kiber idman mədəniyyətini inkişaf etdirmək məqsədilə yaradılan bu şirkətin prioritet məqsədləri arasında Azərbaycanda beynəlxalq səviyyəyə qədər kiber idman üzrə oyunların inkişaf etdirilməsi, həm yerli, həm də beynəlxalq tədbirlərin keçirilməsi üçün lazımi şəraitin yaradılması daxildir.

“PUBG Mobile” həvəskarlarının bu turniri yaxından izləmələri tövsiyə olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.