İQTİSADİYYAT
® "Rabitəbank"ın 25 illik yubileyi möhtəşəm şəkildə qeyd edilib
14 iyul tarixində "Rabitəbank" özünün 25 illik yubileyini 700 nəfərlik işçi heyəti ilə möhtəşəm şəkildə qeyd edib.
Tədbir "Dreamland Qolf Klubu"nda baş tutub. Açılışına bankın 25 illik fəaliyyətinə həsr olunmuş korporativ film ilə başlanılan tədbirin rəsmi hissəsində ilk çıxışı bankın Müşahidə Şurasının sədri Zakir Nuriyev edib. "Rabitəbank"ın yarandığı ilk günlərdən, 1993-cü ildən başlayaraq bu günə qədər keçilən yoldan və gələcək planlardan danışan sədr hər kəsi təbrik edərək növbəti uğurlara kökləyib. Daha sonra bank rəhbərliyi növbə ilə çıxış edərək komandanı təbrik edib, fərqlənən işçilərə müxtəlif hədiyyələr təqdim edib.
Rəsmi hissə bitdikdən sonra bütün əməkdaşlar açıq havada təşkil olunmuş əyləncəli partiyə dəvət olunublar. Çox dinamik və əyləncəli keçən partidə iştirakçıların ixtiyarına verilən açıq bufetlər gecənin sonuna qədər mütəmadi olaraq yenilənib. Müxtəlif ritmik musiqilər, geniş rəqs meydançası və gedişatda keçirilən müxtəlif müsabiqələr iştirakçıları gecə boyu tonusda saxlamağa və əyləncənin pik səviyyəyə çatmasına imkan verib.
Günün sonuna doğru tamamlanan partidən çıxan bütün qonaqlar əvvəlcədən təşkil olunmuş nəqliyyatlar vasitəsilə rahatlıqla evlərinə yollanıblar.
Tədbir qızmar keçən yay fəslinin və qızğın iş ilinin tən ortasında bütün komandanın birgünlük də olsa iş stresindən uzaq olmağa və növbəti illər, növbəti uğurlar üçün motivasiya olmağa kömək edib.
"Rabitəbank”ı 25 illik yubileyi münasibətilə təbrik edir və yeni, bol uğurlar arzu edirik!