CƏMİYYƏT
® “Avrora Qrup” aztəminatlı ailələrə və uşaq evlərinə bayram sovqatı çatdırıb
Bakı, 2 may, AZƏRTAC
“Avrora Qrup” korporativ sosial məsuliyyətini dərk edərək və bunu beş əsas dəyərindən birinə çevirərək daim bu istiqamətdə əməli addımlar atır.
Şirkətdən AZƏRTAC-a bildiriblər ki, bu il də Ramazan Bayramı ilə əlaqədar yardım aksiyası keçirilib. Şirkət yardım aksiyası zamanı Ramana qəsəbəsində yerləşən “Nur” uşaq evinə və 8-ci mikrorayondakı “Azərbaycan Uşaqlar İctimai Birliyi”nin nəzdində fəaliyyət göstərən Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzinə ərzaq bağlamaları və gündəlik tələbat məhsulları çatdırıb.
Bundan başqa, şirkət Bakının Nəsimi rayonunda yerləşən Məşədi Dadaş məscidinin dini icması ilə birgə aztəminatlı, şəhid və qazi ailələrinə yardımların paylanmasına dəstək göstərib. Aksiya çərçivəsində 50 ailəyə qida və gigiyenik vasitələr çatdırılıb.
Məlumat üçün bildirək ki, “Avrora Qrup” 2022-ci ildə təkcə Ramazan bayramı münasibətilə şirkətə müraciət edən müxtəlif təşkilatlar vasitəsilə 600-dən çox ailəyə də ərzaq yardımı edib.