REGİONLAR
"ASAN xidmət” könüllüləri Sumqayıt Dövlət Dram Teatrında "Arşın mal alan" komediyasını təqdim ediblər
Sumqayıt, 4 fevral, Ətrabə Rzayeva, AZƏRTAC
Sumqayıt Dövlət Dram Teatrında Mədəniyyət Nazirliyinin Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (“ASAN xidmət”) ilə birgə reallaşdırdığı "Gəncliyin səsi" festivalı keçirilib.
AZƏRTAC xəbər verir ki, "ASAN xidmət” könüllüləri dahi bəstəkar Üzeyir Hacıbəylinin "Arşın mal alan" komediyasını maraqlı oyun tərzində tamaşaçılara çatdırıblar.
Sumqayıt Regional Mədəniyyət İdarəsinin rəisi Mehman Şükürov, şəhər icra hakimiyyətinin rəsmləri və başqaları çıxış edərək gənclərə göstərilən dövlət qayğısından, onların təhsil və karyera perspektivlərinə yönəlmiş münbit şəraitdən danışıblar.
Bildirilib ki, festivalın məqsədi gənc istedadların üzə çıxarılması, onların bilik və bacarıqlarının doğru istiqamətdə yönəldilməsi və yaradıcılıq uğurlarının dəstəklənməsidir.
Cari ildə festivalın "ASAN könüllülər" təşkilatı ilə birlikdə Bakı və Sumqayıt şəhərlərində, Abşeron, Quba, İmişli və Masallı rayonlarında keçirilməsi planlaşdırılır.