QAN YADDAŞI
"AS Qrup İnvestment" Xocalı soyqırımının ildönümü ilə əlaqədar intellektual vətənpərvərlik yarışı keçirir
Bakı, 21 fevral, AZƏRTAC
"AS Qrup İnvestment" şirkəti Xocalı soyqırımının ildönümü ilə əlaqədar Bakı məktəblərində intellektual vətənpərvərlik yarışı keçirir. Faciəyə həsr olunmuş "Vətənə qayıdış" adlı müsabiqədə 4 məktəb iştirak edir.
Şirkətdən AZƏRTAC-a bildiriblər ki, yarışın şərtlərinə görə komandalar Azərbaycanın inzibati xəritəsi üzərində müxtəlif istiqamətlərdən Xocalı ərazisinə doğru hərəkət edirlər. Verilən suallara doğru cavab tapan komanda irəliyə doğru hərəkət edir və Xocalı ərazisinə birinci çatan qalib seçilir.
Akademik Zərifə Əliyeva adına Lisey, Humanitar fənlər üzrə lisey, Gənc İstedadlar Liseyi və 6 nömrəli məktəbin 8-9-cu sinif şagirdləri arasında keçirilən intellektual yarışın məqsədi yeniyetmələr arasında vətənpərvərlik ruhunun yüksəldilməsi və maarifçiliyə dəstəkdir.
Müsabiqənin ilk mərhələsi məktəblərin daxili komandaları arasında keçirilir və qalib gələn komanda final mərhələsinə adlayır.
Fevralın 19-21-də adları qeyd edilən məktəblərdə "Vətənə qayıdış" intellektual yarışmasının seçim turları keçirilib. Qalib komandalar fevralın 26-da Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Kitabxanasında keçiriləcək final yarışmasına vəsiqə qazanıblar.
Final mərhələsində yarışacaq komandalar tutacaqları yerlərə uyğun kitab mağazasından müxtəlif dəyərlərdə hədiyyə kuponları qazanacaqlar.