İDMAN
"Alfa Romeo" pilotu motorun komponentini dəyişdiyi üçün on start mövqeyindən məhrum olacaq
Bakı, 25 aprel, AZƏRTAC
"Alfa Romeo" komandasının italiyalı pilotu Antonio Covinatsi Formula 1 Azərbaycan Qran-Prisində idarəetmə elektronikasının sayca üçüncü blokunu quraşdırdığı üçün cərimələnəcək.
AZƏRTAC xəbər verir ki, komandanın hər iki pilotu - Kimi Raykkonen və Antonio Covinatsi öz maşınlarında idarəetmə elektronikası bloklarını dəyişəcəklər.
Qaydalara görə, mövsümün gedişində güc qurğusunun yalnız iki komponentindən cəriməsiz istifadə etmək olar. İtaliyalı pilotun bolidində əvvəlcədən sayca ikinci elektron bloku olduğu üçün üçüncünün quraşdırılması cərimə - startda on mövqe itirməklə cəzalandırılıb.
Blokun dəyişdirilməsi ehtiyacı "Ferrari"nin tövsiyəsi ilə - Şarl Leklerin Bəhreyndə keçirilən yürüşdə qələbəni əldən verməsinə səbəb olmuş problemlərdən sonra idarəetmə elektronikasının dəyişdirilməsi nəticəsində yaranıb.
Kimi Raykkonen cərimə almayıb və o, Azərbaycan Qran-Prisinə sayca ikinci elektron blokundan başlayacaq.
FIA hələ ki, Covinatsinin cərimələnməsini rəsmən təsdiq etməyib.