İQTİSADİYYAT
"AtaBank"ın "Nağdsız ödə nağd qazan" kampaniyasında 8 548 manat məbləğində pul mükafatı qazanılıb
Bakı, 17 avqust, AZƏRTAC
"AtaBank" ASC-nin "Nağdsız ödə nağd qazan" ani stimullaşdırıcı lotereya kampaniyası çərçivəsində 13 min 650 ədəd lotereya kuponları paylanılıb və kampaniyada iştirak edən müştərilərin lotereya kuponları əsasında 8 min 548 manat pul mükafatı qazanılıb.
Bankdan AZƏRTAC-a bildiriblər ki, dekabrın 31-dək davam edəcək lotereyada "AtaBank" tərəfindən ticarət, ictimai-iaşə və ya xidmət obyektlərində quraşdırılmış POS-terminallar vasitəsilə Azərbaycanda fəaliyyət göstərən istənilən bank tərəfindən emissiya edilən ödəniş kartları ilə nağdsız əməliyyatlar aparan rezident şəxslər iştirak edə bilərlər. "AtaBank" kartları ilə ödəniş edən və çekləri təqdim edən kart sahiblərinə hər 10 manatlıq çek üçün bir kupon təqdim edilir. Digər bankların kartları ilə ödəniş edənlər isə 20 manatlıq alış-veriş çekinə görə bir kupon əldə edəcəklər. Kampaniyanın keçirilməsində məqsəd ölkədə nağdsız ödənişlərin stimullaşdırılması sahəsində aparılan tədbirləri sürətləndirməkdir. Hazırda "AtaBank"ın POS-terminallarının sayı 20 minə yaxındır.