İQTİSADİYYAT
"Azərbaycan Beynəlxalq Bankı" "SİBOS 2016" beynəlxalq sərgisində iştirak edir
Bakı, 28 sentyabr, AZƏRTAC
"Azərbaycan Beynəlxalq Bankı" Dünya Banklararası Maliyyə Telekommunikasiya Cəmiyyətinin (SWIFT) bu il Cenevrədə təşkil etdiyi ənənəvi "SİBOS 2016" sərgi-konfransında ilk dəfə öz stendi ilə iştirak edir.
Bankdan AZƏRTAC-a bildiriblər ki, "Azərbaycan Beynəlxalq Bankı"nın nümayəndələri tədbir çərçivəsində dünyanın bir sıra banklarının təmsilçiləri ilə işgüzar görüşlər keçirərək müzakirələr aparıblar.
Qeyd edək ki, bu sərgi-konfransın keçirilməsinə 1978-ci ildən başlanıb. Hər il müxtəlif ölkələrdən minlərlə nümayəndəni bir araya gətirən bu tədbir dünya bank-maliyyə sektorunun mühüm nailiyyətlərindən sayılır. Bu sərgi-konfransa iri bankların, maliyyə təşkilatlarının, eləcə də beynəlxalq maliyyə sektoru üçün avadanlıq və proqram təminatı istehsalçılarının və təchizatçılarının təmsilçiləri qatılır. Burada sektor üçün mühüm əhəmiyyət kəsb edən məsələlər, inkişaf istiqamətləri, əməkdaşlıq perspektivləri müzakirə edilir, təcrübə mübadiləsi aparılır. "SİBOS 2016" sərgi-konfransı gələn il Kanadanın Toronto şəhərində təşkil olunacaq.