İQTİSADİYYAT


"Azexport.az" portalı "Bank VTB - Azərbaycan" ilə əməkdaşlıq edəcək

Bakı, 4 iyul, AZƏRTAC

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində "Azexport.az" portalı və "Bank VTB - Azərbaycan" arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.

AZƏRTAC xəbər verir ki, memorandumu "Azexport.az" portalının rəhbəri Zaur Qardaşov və "Bank VTB - Azərbaycan"ın idarə heyətinin rəhbəri Yevgeni Kirin imzalayıb. Memorandumun məqsədi "VTB Bank" Qrupun təmsil olunduğu bir sıra ölkələrdə Azərbaycan ixracatçıları üçün yeni ixrac maliyyəsi imkanlarının təqdim edilməsi, birgə konfrans və tədbirlərin, biznes missiyaların təşkili, "Azexport.az" portalının imkanları barədə məlumat mübadiləsi, yeni sığorta, nəqliyyat və logistika imkanlarının təqdim edilməsidir.

"Azexport.az" portalının rəhbəri Zaur Qardaşov yeni əməkdaşlıq sənədinin portalın işinə böyük töhfə verəcəyini vurğulayıb. Bildirib ki, Rusiya Azərbaycanın kənd təsərrüfatı məhsulları üçün ənənəvi olaraq əsas bazarlardan biri kimi qalır. Araşdırmalar göstərir ki, ənənəvi bazarlara və yarmarkalara nisbətən market zəncirləri və digər dövlət və özəl satınalma müqavilələri daha çox əlavə dəyər təmin edən və etibarlı satış kanallarıdır. Bununla belə, Azərbaycan məhsullarının bu cür kanallarla satışına maneə yaradan amillərdən biri də göndərilən malların pulunun dövrü olaraq 60-90 gün müddətində ödənilməsidir ki, bu da, öz növbəsində, bir çox hallarda ixracatçı üçün fasiləsiz təchizatı təmin etməkdə çətinlik yaradır.

Zaur Qardaşov əlavə edib ki, bu istiqamətdə azərbaycanlı ixracatçılara dəstək olmaq, o cümlədən məhsullarını daha yüksək qiymətə satmaq və davamlı tərəfdaşlarla müqavilələr imzalamaq məqsədilə "Azexport" "VTB Bank"la birlikdə Rusiyanın mağaza zəncirləri və digər potensial müştərilərlə əməkdaşlıq çərçivəsində həmin şəxslərə mal göndərmək istəyən ixracatçılara qısamüddətli maliyyə vəsaiti təqdim edəcək. İxracatçılar fasiləsiz təchizatı təmin etmək məqsədilə göndərilən malların dəyərini bir neçə gün müddətində bank vasitəsilə ala biləcəklər.

"VTB (Azərbaycan) 20-dən çox ölkədə fəaliyyət göstərən beynəlxalq maliyyə qrupunun üzvüdür. Bankımızın əsas məqsədlərindən biri Azərbaycan biznesinə yeni bazarlara çıxışda yardım etməkdir. Əminəm ki, memorandumun imzalanması Azərbaycan-Rusiya ixracatçılarının maliyyə imkanlarını genişləndirməyə və sahibkarlıq fəaliyyətini stimullaşdırmağa imkan verəcək", - deyə "Bank VTB - Azərbaycan"ın idarə heyətinin rəhbəri Yevgeni Kirin diqqətə çatdırıb.

Qeyd edək ki, "Azexport" portalı əlverişli maliyyə alətlərini təqdim etmək üçün digər ölkələrin bankları o cümlədən, "Emirates NBD", "Deutsche Bank" və "Raiffeisen" kimi banklarla əməkdaşlığa dair danışıqlar aparır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.