İQTİSADİYYAT
"Bank of Azerbaijan"ın 6599 əmanətçisinə 24 milyon manat kompensasiya veriləcək VİDEO
Bakı, 28 yanvar, AZƏRTAC
"Bank of Azerbaijan" ASC-nin əmanətçilərinə sığortalanmış əmanətlərin qaytarılması prosesinə yanvarın 29-dan başlanılacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə Əmanətlərin Sığortalanması Fondunun (ƏSF) icraçı direktoru Azad Cavadov yanvarın 28-də "Bank of Azerbaijan" ASC-nin əmanətçilərinə kompensasiyaların ödənilməsi ilə əlaqədar keçirdiyi mətbuat konfransında deyib.
"Ümumilikdə, "Bank of Azerbaijan"ın 7 min 342 nəfər əmanətçisi var. Bu əmanətçilərin 6599 nəfərinə 24 milyon manat məbləğində kompensasiya veriləcək. Kompensasiyalar əmanətçilərə "Muğanbank" ASC-nin, Naxçıvanda isə "Rabitəbank" ASC-nin filialları vasitəsilə veriləcək", - deyə A.Cavadov diqqətə çatdırıb.
Bildirilib ki, kompensasiya almaq üçün ərizə formalarını qorunan əmanətçilər yanvarın 29-dan etibarən sığorta hadisəsi baş vermiş "Bank of Azerbaijan"ın, agent bankların filiallarından, Əmanətlərin Sığortalanması Fondunun Bakı şəhəri, Bülbül prospekti 40 ünvanında yerləşən ofisindən, eləcə də Fondun rəsmi internet səhifəsi olan www.adif.az saytından əldə edə bilərlər.
A.Cavadov vurğulayıb ki, "Bank of Azerbaijan" ASC-də qorunan əmanəti olan əmanətçilərin əmanətlərinin 30 min manatadək olan hissəsinin kompensasiya ediləcəyinə Fond təminat verir. 30 min manatdan çox əmanəti olan əmanətçilərin əmanətləri ləğvedici tərəfindən qanunvericiliyə uyğun olaraq ödəniləcək.
Qeyd edək ki, Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 18 yanvar 2016-cı il tarixli, 4 nömrəli qərarı ilə məcmu kapitalın minimum məbləği tələbinə əməl etmədiyinə, məcmu kapitalının adekvatlıq əmsalının 3 faizdən az olduğuna, kreditorları qarşısında öhdəliklərini icra edə bilmədiyinə, cari fəaliyyətini etibarlı və prudensial qaydada idarə etmədiyinə görə "Bank of Azerbaijan" ASC-nin bank lisenziyası ləğv edilib. "Bank of Azerbaijan" ASC ƏSF-a üzv bankların reyestrindən çıxarılıb və banka verilmiş şəhadətnamə ləğv olunub.
A. Cavadov lisenziyası ləğv edilən digər 5 bankda sığorta hadisəsinin baş verməsi ilə bağlı fonda məktub daxil olmadığını qeyd edib. Xatırladaq ki, Azərbaycanda 6 bankın - "Gəncəbank", "Bank of Azerbaijan", "Yunayted Kredit Bank", "NBC Bank, "Qafqaz İnkişaf Bankı" və "Atrabank"ın lisenziyası ləğv edilib.