CƏMİYYƏT
"Bərabərik" layihəsi fiziki qüsurlu insanların cəmiyyətdən kənarda qalmasına imkan vermir VİDEO
Bakı, 7 sentyabr, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və “Muz TV Azərbaycan” televiziyasının “Bərabərik” adlı musiqi layihəsinin məqsədi fiziki qüsurlu şəxslərə dəstək olmaqdır.
Bu barədə AZƏRTAC-a məlumat verən layihənin baş prodüseri Pərvinə İsmayılova deyib ki, avqustun 26-dan start verilən layihəyə Qarabağ müharibəsi qaziləri də cəlb olunub. Layihə çərçivəsində istedadlı və məlahətli səsə malik fiziki qüsurlu şəxslərlə bir sıra tanınmış müğənnilərin “Muz TV Azərbaycan”da birgə ifalarının yer aldığı silsilə verilişlər hazırlanır. Bundan başqa, fiziki qüsurlu şəxslərin timsalında əlilliyin heç də həyat eşqinə, istedad və bacarıqlara, öz arzularına doğru inamla addımlamağa əngəl olmadığını cəmiyyətə aşılamaqdır.
Pərvinə İsmayılova bildirib ki, fiziki qüsur həmin şəxslərin istedadlarına, yaşayıb-yaratmaq əzminə mane ola bilməyib, əksinə, onlar öz arzularına doğru inamla addımlayırlar. Yeni layihə də özündə bunu təcəssüm etdirir. “Məqsəd fiziki qüsurlu şəxslərin timsalında əlilliyin heç də həyat eşqinə, istedad və bacarıqlara, öz arzularına doğru inamla addımlamağa əngəl olmadığını cəmiyyətə aşılamaqdır”, - deyə P.İsmayılova əlavə edib.
Baş prodüser vurğulayıb ki, layihə çərçivəsində fiziki qüsurlu insanların bütün maddi və sosial problemləri həll olunur. Eyni zamanda, musiqi istedadı olan fiziki qüsurlu insanların təhsillərini inkişaf etdirmələri üçün tanınmış sənətkarların iştirakı ilə ustad dərsləri də təşkil edilir.
Fiziki qüsurlu Mehman Talıbov belə bir layihəni ərsəyə gətirdikləri üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə və “Muz TV Azərbaycan” televiziyasına minnətdarlığı bildirib. O qeyd edib ki, bu layihənin reallaşması onların öz bacarıqlarını nümayiş etdirmələrinə imkan verir. Biz bu layihə çərçivəsində tanınmış sənətkarlarla eyni səhnəni bölüşürük. Bu isə bizə yaradılan böyük imkandır. Bu gün mən səhnəyə dəyərli sənətkarımız, Xalq artisti Gülyanaq Məmmədova ilə birgə çıxacağam və buna görə çox sevincliyəm.
Layihənin musiqi rəhbəri, Əməkdar artist Vüqar Camalzadə deyib ki, “Bərabərik” fiziki qüsurlu istedadlı insanların cəmiyyətdən kənarda qalmasına imkan vermir. Hər bir sahədə olduğu kimi, mədəniyyət sahəsində də fiziki qüsurlu istedadlı insanlar çoxdur. Ancaq onlar fiziki qüsurlarına görə böyük auditoriyaya çıxmağa çəkinirlər. "Bərabərik" adlı musiqi layihəsi fiziki qüsurlu insanlardakı belə psixoloji maneələri aradan qaldıraraq, onların istedadlarını nümayiş etdirməyə imkan yaradır.