İQTİSADİYYAT
"Bir Pəncərə" İxraca Dəstək Mərkəzində PR və kommunikasiya strategiyasının hazırlanmasından danışılıb




Bakı, 8 noyabr, AZƏRTAC
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində "Bir Pəncərə" İxraca Dəstək Mərkəzinin təşkilatçılığı ilə "Made in Azerbaijan" brendinin beynəlxalq bazarlarda təşviqi üçün "PR və kommunikasiya strategiyasının hazırlanması" mövzusunda təlim keçirilib.
Mərkəzin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, PR və kommunikasiya üzrə mütəxəssis Azər Nəzərovun apardığı təlim çərçivəsində ixracyönümlü məhsullar üçün düzgün PR və kommunikasiya strategiyasının hazırlanması, milli və yerli məhsulların brendləşməsi, doğru hədəf auditoriyasının seçilməsi, effektiv kommunikasiya alətləri və mexanizmlərindən danışılıb.
"Bir Pəncərə" İxraca Dəstək Mərkəzinin meneceri Nicat Hacızadə bildirib ki, bu təlim vasitəsilə "Bir Pəncərə" İxraca Dəstək Mərkəzi Azərbaycanda həyata keçirilən ixrac missiyalarının keyfiyyətinin artırılması istiqamətində ixracatçı sahibkarlar maarifləndirilir. Layihə çərçivəsində ixracatçı sahibkarlar PR və kommunikasiya sahəsində, eyni zamanda, xarici ticarətdə qəbul olunmuş PR strategiyalar haqqında yeni biliklər qazanacaqlar. Xüsusilə Azərbaycanın ixracatında "Made in Azerbaijan" brendi ilə istehsal olunan milli və yerli məhsulların xarici bazarlarda daha rəqabətqabiliyyətli olması və xarici müştərilərə məhsulların peşəkar formada çatdırılması üçün PR və kommunikasiya strategiyasının hazırlanması təlimi mühüm əhəmiyyətə malikdir.
Təlimdə dövlət və özəl qurumlarının PR və kommunikasiya mütəxəssisləri, sahibkarlar iştirak ediblər.