İQTİSADİYYAT
"DəmirBank"ın əmanətçilərinə 43,2 milyon manatdan artıq kompensasiya ödənilib
Bakı, 1 mart, AZƏRTAC
Əmanətlərin Sığortalanması Fondu (ADIF) ləğv prosesində olan "DəmirBank" ASC-nin əmanətçilərinə 1 ay ərzində 43,2 milyon manatdan artıq kompensasiya ödəyib.
Fonddan AZƏRTAC-a bildiriblər ki, ləğv prosesində olan "Dəmir Bank" ASC-də qorunan əmanətçilər kompensasiyaların ödənilməsi üçün 1 il müddətində müraciət edə bilərlər. Qorunan əmanətlər üzrə kompensasiyaların ödənilməsinə bu il fevralın 1-dən başlanılıb. ADIF ləğv prosesində olan "DəmirBank" ASC-də qorunan əmanətlər üzrə kompensasiyaların ödənilməsində yenilik tətbiq edib. Belə ki, Azərbaycan Respublikasının iqtisadiyyatında nağdsız dövriyyənin həcminin yüksəldilməsi və ödəniş kartları bazarının inkişaf etdirilməsi istiqamətində həyata keçirilən islahatları nəzərə alaraq, ləğv prosesində olan "DəmirBank" ASC-də qorunan əmanətlər üzrə kompensasiyalar ilk dəfə olaraq nağdsız qaydada "Kapital Bank" ASC-nin adlı debet kartları və "Xəzri" sürətli pulköçürmə sistemi vasitəsilə ödənilir. Bu addım ödəniş prosesinin şəffaf keçirilməsinin bariz nümunəsidir və qorunan əmanətçilər tərəfindən rəğbətlə qarşılanır. Kompensasiyaların ödənilməsi "KapitalBank" ASC-nin 26 filialında aparılır.