ELM VƏ TƏHSİL
"Dövlət qulluğu” jurnalının dördüncü nömrəsi çapdan çıxıb
Bakı, 17 aprel, AZƏRTAC
Dövlət İmtahan Mərkəzi (DİM) “Abituriyent” jurnalının xüsusi buraxılışında dövlət qulluğuna hazırlaşanlar üçün “Dövlət qulluğu” jurnalının dördüncü nömrəsini nəşr edib.
DİM-dən AZƏRTAC-a bildirilib ki, jurnala dövlət qulluğuna qəbul üzrə müsabiqəyə hazırlaşanlar, eyni zamanda, ictimaiyyətin bu sahəyə marağı olan nümayəndələri üçün bir sıra mühüm elmi-metodik və digər zəruri materiallar daxil edilib.
Jurnalda mərkəz tərəfindən dövlət qulluğuna qəbulla bağlı keçirilmiş test imtahanlarında yoxlanılan bilik sahələri – Azərbaycan dili, qanunvericilik, informasiya texnologiyaları və məntiqi təfəkkürün yoxlanılması üzrə göstəricisi aşağı olan test tapşırıqlarının bir qisminin düzgün cavablandırılması üçün izah və tövsiyələrin yer aldığı material dərc olunub.
“Dövlət qulluğu” jurnalının dördüncü nömrəsində dərc olunan materiallardan biri də “Müsahibədə iştirak edən namizədlərə tövsiyələr”dir. Əldə edilən təcrübəyə əsasən, demək olar ki, bir çox hallarda namizədlərin uğur qazana bilməmələrinin əsas səbəblərindən biri onların müsahibə zamanı bəzi səhvlərə yol vermələridir. Bu sahədə kömək məqsədilə DİM tərəfindən namizədlərin tez-tez yol verdikləri səhvlərin qarşısını alacaq 15 bənddən ibarət tövsiyələr hazırlanıb. Mərkəz tərəfindən aparılan elmi-statistik təhlil əsasında hazırlanmış bu tövsiyələr vəzifələrin düzgün seçilməsi, seçim zamanı vakant vəzifələrin say çoxluğuna və təsadüfiliyə deyil, namizədlər üçün prioritet olan vəzifələrə üstünlük verilməsi, müsahibəyə hazırlıq, eyni zamanda, namizədin uğur qazanmasına səbəb ola bilən amilləri və digər zəruri məsələləri əhatə edir. Müsahibə mərhələsindən uğurla keçməyə kömək məqsədilə hazırlanmış bu metodik tövsiyələr dövlət qulluğuna hazırlaşanlar üçün faydalı olacaq.
Jurnalda namizədlərin marağına səbəb olacaq daha bir material – dövlət qulluğuna qəbul üzrə müsabiqənin müsahibə mərhələsində uğur qazanmış namizədlərin siyahısı dərc olunub.
“Dövlət qulluğu” jurnalının bu nömrəsində dərc olunan qanunvericilik bazasına aid normativ aktlar, statistik göstəricilər və statistik təhlillər, habelə digər məlumatlar və maarifləndirici materiallar da dövlət qulluğuna işə qəbul olunmaq istəyənlər və ictimaiyyətin bu sahə ilə maraqlanan geniş auditoriyası üçün nəzərdə tutulub.