İQTİSADİYYAT
"Gələcəyin sahibkarları üçün mini MBA" təlim proqramı layihəsinə start verilib
Bakı, 25 avqust, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun elan etdiyi VIII qrant müsabiqəsində C kateqoriyası (fərdi layihələr) üzrə qalib olmuş "Gələcəyin sahibkarları üçün mini MBA" təlim proqramı layihəsinin icrasına başlanılıb.
AZƏRTAC xəbər verir ki, Gənclər Fondunun maliyyə dəstəyi ilə reallaşdırılan layihənın rəhbəri Saleh Həsənov bildirib ki, məqsəd gənc sahibkarları və sahibkarlığa yeni başlamaq məqsədi olan gənclərə öz bizneslərini qurmaqda yardım etmək, gənclərin sahibkarlıq yolunda effektiv biliklərə yiyələnməsi, sahibkarlıq subyektinin işinin planlaşdırılması, təhsil müəssisələrində biznesin qurulması ilə bağlı tədris boşluqlarının qismən aradan qaldırılması, gənc sahibkarların özünə inamının artması, sahibkarlıqda ilk addım atan gənclərin uğursuzluqlar zamanı ruhdan düşməməsi və iş planlamasına psixoloji hazır olması, gənc sahibkarların işlərinin planlamasının aparılması üçün müxtəlif sahələrdə məlumatlara yiyələnməsidir.
Layihəyə ümumilikdə 25 nəfər cəlb olunacaq və onların arasından bu sahədə maraqlı, öz üzərində çalışan gənclər seçilərək təlimdə iştirak hüququ qazanacaqlar. Həmin gənclər silsilə təlimlər nəticəsində müəssisələrin yaradılmasının hüquqi tərəfləri; qurulan şirkətlərin marketinq strategiyası; insan resurslarının idarə edilməsi; müəssisənin maliyyə strategiyası; ilkin mühasibat işləri; yeni qurulan şirkətin reklam siyasəti; biznes etika və planlama; uğurun idarə edilməsi biliklərinə yiyələnəcəklər.
Qeyd edək ki, artıq nəzərdə tutulan təlim layihəsinin daha effektiv və faydalı olması üçün səmərəli iş qurma yolları, şirkətin qurulması, ilkin idarə olunması və biznesin inkişafı proseslərindən ibarət toplu hazırlanıb, bukletlər çap olunub. Hazırda iştirakçıların müraciəti və seçim prosesi tamamlanmaq üzrədir.