REGİONLAR
“Hadrut” qovşaq yarımstansiyası Xocavənd, Şuşa və ətraf ərazilərin elektrik təchizatının dayanıqlılığını təmin edəcək
Hadrut, 7 oktyabr, E.Camalov, AZƏRTAC
Xocavənd rayonunun Hadrut qəsəbəsində tikintisi davam edən “Hadrut” qovşaq yarımstansiyasının təməli 2021-ci il oktyabrın 9-da Prezident İlham Əliyev tərəfindən qoyulub. “Hadrut” yarımstansiyasının əvəzində tikiləcək müasir tipli bu yeni yarımstansiya Xocavənd rayonunun bir hissəsinin, Şuşa və ətraf ərazilərin elektrik təchizatının etibarlılığını və dayanıqlılığını təmin edəcək.
AZƏRTAC xəbər verir ki, bu barədə Hadruta səfər edən jurnalistlərə “Azərişıq” ASC-nin Tədris və İnnovasiyalar Mərkəzinin direktoru Araz Məmmədzadə deyib.
O bildirib ki, yarımstansiyada Rəqəmsal Elektrik Şəbəkələrinin İdarəolunması Mərkəzinin yaradılması elektrik enerjisinin paylanması prosesinə fasiləsiz nəzarətin təmin edilməsinə, enerji səmərəliliyinə, elektrik enerjisinin fasiləsizliyinə və keyfiyyətinin artırılmasına zəmin yaradacaq: “Zərurət yaranarsa, Hadrut qovşaq yarımstansiyası vasitəsilə Cəbrayıl, Qubadlı, Zəngilan rayonlarını da elektrik enerjisi ilə təchiz etmək mümkün olacaq”.