İQTİSADİYYAT
"Rəqəmsal bankçılıq xidmətləri: elektron ödənişlərin gələcəyi" mövzusunda seminar keçirilib
Bakı, 14 noyabr, AZƏRTAC
Maliyyə Bazarlarına Nəzarət Palatasında (MBNP) Beynəlxalq Maliyyə Korporasiyasının dəstəyi ilə və Azərbaycan Banklar Assosiasiyası ilə birgə "Rəqəmsal bankçılıq xidmətləri: elektron ödənişlərin gələcəyi" mövzusunda seminar keçirilib.
MBNP-nin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Rusiya Federasiyasının Elektron Pul və Pulköçürmələri Assosiasiyasının icraçı direktoru Pavel Şustun mühazirəçi olduğu tədbirdə rəqəmsal bankçılıq xidmətlərinin üstünlükləri, rəqəmsal bankçılıq xidmətləri üzrə tənzimləmə çərçivəsində yeniliklər, bu sahədə fundamental innovasiyalar və son trendlər haqqında məlumat verilib, iştirakçılarla qarşılıqlı fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, "2018-2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı"nda Palatanın icraçı olduğu əsas tədbirlərdən biri də rəqəmsal bankçılıq xidmətləri sahəsində bank mütəxəssislərinin bilik və bacarıqlarının təkmilləşdirilməsidir. Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən "Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi"nin prioritet hədəflərinin icrası çərçivəsində maliyyə sektorunda çalışan əməkdaşların bilik və bacarıqlarının təkmilləşdirilməsi məqsədilə silsilə tədbirlərin keçirilməsi davam etdirilir.