ELM VƏ TƏHSİL
"Sağlamlıq imkanları məhdud uşaqların 1-ci regional forumu" layihəsi uğurla reallaşdırılır
Bakı, 9 oktyabr, AZƏRTAC
Təhsil Nazirliyinin təhsildə inkişaf və innovasiyalar üzrə ikinci qrant müsabiqəsində fərdi kateqoriya üzrə qalib olmuş Bərdə şəhəri R.Musayev adına inteqrasiya təlimli internat tipli gimnaziyanın Azərbaycan dili və ədəbiyyat müəllimi Vüsalə Hüseynovanın “Sağlamlıq imkanları məhdud uşaqların 1-ci regional forumu” layihəsi çərçivəsində işlər davam etdirilir.
Təhsil İnstitutundan AZƏRTAC-a bildirilib ki, layihənin əsas məqsədi regionlarda cəmiyyətin diqqətini sağlamlıq imkanları məhdud uşaqlara yönəltmək və onların 1-ci regional forumunun təşkil edilməsidir.
Artıq layihə çərçivəsində 100-ə yaxın sağlamlıq imkanları məhdud uşaqla işləyən mütəxəssislərlə iş aparılıb. Əsas fəaliyyətlərdən biri noyabr ayında sağlamlıq imkanları məhdud uşaqların 1-ci regional forumunun keçirilməsidir. Bərdədə keçirilməsi nəzərdə tutulan forumda sağlamlıq imkanları məhdud uşaqların qarşılaşdıqları problemlər, onların cəmiyyətə inteqrasiyası, birgə əməkdaşlıq çərçivəsində həyata keçiriləcək fəaliyyətlər müzakirə ediləcək. Foruma Bərdə, Tərtər və Ağdam rayonları ilə yanaşı, Qarabağ bölgəsindən 100-dək sağlamlıq imkanları məhdud uşağın cəlb olunması nəzərdə tutulub.
İcra müddəti 3 ay olan layihə üzrə işlər noyabrın 15-də yekunlaşacaq.
Qeyd edək ki, təhsildə inkişaf və innovasiyalar üzrə ikinci qrant müsabiqəsi dövlət ümumtəhsil müəssisələri və bu müəssisələrdə çalışan pedaqoji işçilər üçün elan olunub. Müsabiqə çərçivəsində ümumtəhsil müəssisələri kateqoriyası üzrə təklif olunmuş 211 layihədən 41-i, fərdi kateqoriya üzrə isə 639 layihədən 125-i olmaqla ümumilikdə 166 layihə qalib elan edilib.