ELM VƏ TƏHSİL
"Solar Orbiter" zondu kosmosa buraxılıb
Bakı, 14 fevral, AZƏRTAC
Avropa Kosmik Agentliyi tərəfindən peykin kosmosa buraxılmasının izlənməsi, uçuş direktoru və uçuşu idarə edən heyətlə görüş üçün müsabiqə yolu ilə astrofiziklər, mühəndislər və aparıcı media nümayəndələrindən ibarət otuz nəfərlik nümayəndə heyəti seçilib. Həmin tədbirdə Azərbaycan Milli Elmlər Akademiyasının N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının "Kosmik plazma və Heliogeofiziki problemlər" şöbəsinin elmi işçisi Famil Mustafa da iştirak edib.
Rəsədxanadan AZƏRTAC-a bildiriblər ki, NASA-nın Floridada yerləşən Keyp Kanaveral kosmodromundan Günəşi tədqiq edəcək “Solar Orbiter” kosmik zondu ilə təchiz edilən “Atlas V 411” raketdaşıyıcısının buraxılışı həyata keçirilib. “Solar Orbiter” layihəsi ABŞ Kosmik Agentliyi (NASA) və Avropa Kosmik Agentliyinin (ESA) 1,5 milyard dollar dəyərində birgə layihəsidir. Peykin kosmosdakı missiyası yeddi il təşkil edəcək. Bu müddətdə çəkisi 2 tona yaxın olan kosmik aparat Günəş aktivliyini və ulduzun qütb sahələrini müşahidə edəcək. “NASA” nümayəndələri bildiriblər ki, “Solar Orbiter” heliofizikanın əsas məsələsi - Günəşin Günəş sistemində daim dəyişən kosmik mühiti necə yaratması və nəzarət etməsi ilə məşğul olacaq. Missiya Avropa Kosmik Agentliyinin Almaniyanın Darmştat şəhərindəki Baş Missiya İdarə Mərkəzindən idarə ediləcək. İlk nəticələrin 2021-ci ilin noyabr ayında əldə olunması nəzərdə tutulub.
“Solar Orbiter” zondu 10 müxtəlif cihazla təchiz olunub. Həmin cihazların altısı daim Günəşə tərəf yönəldiləcək, dördü isə aparat ətrafında mühitin vəziyyətinin öyrənilməsi üçün istifadə ediləcək. Bundan başqa, “Solar Orbiter” zonduna Günəşə 42 milyon kilometr məsafəyədək yaxınlaşmağa imkan verəcək xüsusi istilikqoruyucusu quraşdırılıb. Qeyd olunan məsafədə qoruyucu elementin kənar səthi 500 dərəcədən çox qızacaq, istilikqoruyucusunun arxasında yerləşən cihazların temperaturu isə 50 dərəcəyə yaxın olacaq. Peykin belə nadir imkanlarının olması Günəş qütblərinin görüntülərini çəkməyə, Günəşi yüksək enliklərdə öyrənməyə, yerində və uzaqdan zondlama müşahidələrini birləşdirərək ulduzun necə yaşamasının sirrini açmağa, gələcəkdəki kosmik tədqiqatlar zamanı yeni yüksək temperaturda çalışan texnologiyalardan istifadə etməyə və Günəş-Yer əlaqələrini daha dərindən araşdırmağa imkan verəcək.