İQTİSADİYYAT
"AtaMatik" yenidən "Tour d'Azerbaidjan"da bank xidmətləri göstərib
Bakı, 8 may, AZƏRTAC
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr edilən “Tour d'Azerbaidjan-2017" veloyürüşündə "AtaBank" ASC-nin səyyar bankomatı "AtaMatik" iştirakçılara bank xidmətləri göstərib.
Bankdan AZƏRTAC-a bildiriblər ki, mayın 3-də start götürən yarışlarda Bakı ilə yanaşı, Sumqayıt, Qəbələ, Oğuz, Şəki, Şamaxı, İsmayillı, Pirqulu və digər bölgələrdə "AtaMatik" iştirakçılara, azarkeş və nümayəndələrə müxtəlif növ bankçılıq əməliyyatlarından istifadə imkanı yaradıb. Səyyar bankomat vasitəsilə nağd pul çıxarılması, habelə nağdsız ödənişlər üzrə əməliyyatlar aparıb.
Öz müştərilərinə daim innovativ texnoloji imkanlar təqdim edən "AtaBank" ASC idarə heyətinin sədri Dəyanət Quliyev deyib: "Synergy Group"un sponsoru olduğu "Tour d'Azerbaidjan-2017" beynəlxalq veloturunda iştirakçılara bank xidməti göstərməkdən iftixar hissi keçiririk”.
1993-cü ildən fəaliyyət göstərən "AtaBank" ASC 100 faiz yerli kapitallı, yüksək texnologiyalı universal Azərbaycan bankıdır. Bakıda və ölkənin müxtəlif regionlarında bankın 26 filial və şöbəsi fəaliyyət göstərir. Bank korporativ və fərdi müştərilərə tam xidmətlər spektrini təqdim edir.