"KONSTİTUSİYA MƏHKƏMƏSİ HAQQINDA" AZƏRBAYCAN RESPUBLİKASI QANUNUNUN TƏTBİQ EDİLMƏSİ BARƏDƏ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİNFƏRMANI
1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bir ay müddətində:
qüvvədə olan qanunvericilik aktlarının "Konstitusiya Məhkəməsi haqqında"Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması barədə təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin.
2. Müəyyən edilsin ki:
- "Konstitusiya Məhkəməsi haqqında" Azərbaycan Respublikası Qanununun 27.3-cü maddəsində nəzərdə tutulmuş Konstitusiya Məhkəməsi Plenumunun iclası haqqında məlumat və 69.1-ci maddəsində nəzərdə tutulmuş Konstitusiya Məhkəməsi Plenumunun qərarları "Azərbaycan" qəzetində dərc olunur;
-həmin Qanun 71.1-ci maddəsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;
- həmin Qanunun 70.3-cü və 73.6-cı maddələrində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir.
3. “Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi hakimlərinin sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 17 may tarixli 414 nömrəli Sərəncamında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, №5, maddə 340) aşağıdakı dəyişkliklər edilsin:
1-ci bəndə aşağıdakı məzmunda altıncı abzas əlavə edilsin:
“yüksək hüquqi ixtisasına görə vəzifə maaşının 30 faizi miqdarında.”
2-ci bəndin birinci abzası qüvvədən düşmüş hesab edilsin.
4. Müəyyən edilsin ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimlərinə bir aylıq əmək haqqı məbləğində rüblük mükafat verilir.
5. "Konstitusiya Məhkəməsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 24 noyabr tarixli 645 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998-ci il, №1, maddə 20) və "Konstitusiya Məhkəməsi haqqında" və "Məhkəmələr və hakimlər haqqında" Azərbaycan Respublikası qanunlarına dəyişikliklər və əlavələr edilməsi barədə" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 8 may tarixli 483 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, №5, maddə 302) 2-ci bəndinin ikinci və üçüncü abzasları qüvvədən düşmüş hesab edilsinlər.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, "12" fevral 2004-cü il