İQTİSADİYYAT
"PAŞA Həyat" keyfiyyət idarəetməsi üzrə beynəlxalq sertifikatını yeniləyib
Bakı, 6 mart, AZƏRTAC
"PAŞA Həyat Sığorta" ASC-nin keyfiyyətin idarəetmə sisteminin beynəlxalq standartlara uyğunluğunun təsdiqlənməsi üçün "TÜV Thüringen" beynəlxalq sertifikatlaşdırma şirkəti tərəfindən audit keçirilib. Auditin nəticəsi olaraq "PAŞA Həyat" ASC-nin daha müasir uyğunluq sertifikatına - ISO 9001:2015 beynəlxalq keyfiyyət standartına layiq görülməsi qərara alınıb.
Şirkətin ictimaiyyətlə əlaqələr xidmətindən AZƏRTAC-a bildiriblər ki, audit müştərilərin şirkət tərəfindən təqdim olunan məhsul və xidmətlərdən məmnunluq səviyyəsinin artırılması məqsədilə şirkətdə keyfiyyətin idarəetmə sisteminin standartının bütün tələblərinə uyğunluğunun yoxlanılması üçün keçirilib. Audit zamanı keyfiyyətin idarəetmə sisteminin planlaşdırılmasının və tətbiqinin səmərəliliyi, həmçinin şirkətin siyasətində əks olunmuş məqsədlərə nail olunmasında effektivliyinin dərəcəsi də yoxlanılıb. Uğurla yekunlaşan yoxlama zamanı, keyfiyyətin idarəetmə sisteminin inkişafında şirkətin əməkdaşlarının yüksək peşəkarlığının rolu xüsusi qeyd olunub.
Qeyd edək ki, yeni təqdim olunan və 3 il qüvvədə olacaq ISO 9001:2015 beynəlxalq keyfiyyət uyğunluq sertifikatı şirkətin sayca üçüncü sertifikatı sayılır. İlk İSO sertifikatı 2011-ci ildə verilib və həmin ildən etibarən hər il "TÜV Thüringen" tərəfindən "PAŞA Həyat" sığorta şirkətində nəzarət auditi keçirilir.
"PAŞA Həyat Sığorta" ASC 2011-ci il fevral ayının 14-dən fəaliyyət göstərir. Hazırda şirkət müştərilərə istehsalatda bədbəxt hadisələrdən icbari sığorta, həyatın müddətli sığortası, yığım tərkibli yaşam sığortası, sağalmaz xəstəliklərdən sığorta və digər könüllü həyat sığortası məhsulları təklif edir. Cari ilin mart ayının 1-nə şirkətin nizamnamə kapitalının həcmi 40,250 milyon manat təşkil edir.