İQTİSADİYYAT
"PAŞA Həyat" www.e-pul.az ödəniş portalı ilə əməkdaşlığa başlayıb
Bakı, 10 may, AZƏRTAC
Mayın 10-dan etibarən "PAŞA Həyat" şirkətinin müştəriləri sığorta haqqı məbləği üzrə ödənişlərini www.e-pul.az ödəniş portalı vasitəsilə də həyata keçirə biləcəklər.
Şirkətin mətbuat katibi Elnur Hüseynquluyev AZƏRTAC-a bildirib ki, www.e-pul.az portalı vasitəsilə aparılan ödənişlər "PAŞA Həyat"ın bütün həyat sığortası məhsulları üzrə keçərlidir. Müştəri sadəcə www.pasha-life.az saytından və ya www.e-pul.az portalının sığorta bölməsinə daxil olaraq "PAŞA Həyat"ı seçməklə həyat sığortası üzrə müvafiq ödənişini edə bilər. Bu, "PAŞA Həyat" tərəfindən müştərilərin rahatlığı üçün atılmış növbəti addımdır. Gələcəkdə də müştərilərin rahatlığı və vaxtlarına maksimum qənaət etmələri istiqamətində yeniliklər ediləcək.
Qeyd edək ki, www.e-pul.az təhlükəsizliyi, rahatlığı və çevikliyi ilə seçilən elektron ödəmə sistemidir. Ödənişlər kompüter, planşet və smartfonlar vasitəsilə həyata keçirilə bilər. Bütün ödəmələr real vaxt rejimində aparılır və dərhal hesablara oturur.
"PAŞA Həyat Sığorta" ASC 2011-ci ilin fevralından fəaliyyət göstərir. Hazırda şirkət müştərilərə istehsalatda bədbəxt hadisələrdən icbari sığorta, həyatın müddətli sığortası, yığım tərkibli yaşam sığortası, sağalmaz xəstəliklərdən sığorta və digər könüllü həyat sığortası məhsulları təklif edir.