ELM VƏ TƏHSİL
“ABİTURİYENT” JURNALINDA ALİ VƏ ORTA İXTİSAS TƏHSİLİ MÜƏSSİSƏLƏRİNƏ TƏLƏBƏ QƏBULU QAYDALARI VƏ QƏBUL PROQRAMLARI DƏRC EDİLMİŞDİR
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) “Abituriyent” jurnalının builki 1-ci nömrəsi çapdan çıxmışdır.
TQDK-dan AZƏRTAC-a bildirmişlər ki, jurnalda 2008-2009-cu tədris ili üçün ölkəmizin ali məktəblərinə, orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu qaydaları ilə yanaşı, ali və orta ixtisas məktəblərinə, hərbi liseylərə qəbul proqramları və digər zəruri materiallar dərc edilmişdir. Eyni zamanda, nəşrdə qəbul imtahanlarına hazırlıq prosesində abituriyentlərə kömək məqsədi ilə test tapşırığı nümunələri, qəbul proqramları əsasında fənlər üzrə yeni test modelləri hazırlanıb verilmişdir.
Jurnalda qarşıdakı tədris ili üçün Daxili İşlər Nazirliyinin Polis Akademiyasına, Müdafiə Nazirliyinin hərbi məktəblərinə, Azərbaycan Tibb Universiteti hərbi tibb fakültəsinin “Hərbi həkim işi” ixtisasına, Orta Hərbi Tibb Məktəbinin “Feldşer” ixtisasına, Türkiyənin Gülhanə Hərbi Tibb Akademiyasına və Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə və C.Naxçıvanski adına Hərbi Liseyə qəbul qaydaları, elanları da dərc olunmuşdur.