SİYASƏT
ABŞ-Azərbaycan əlaqələrinin inkişaf perspektivləri müzakirə olunmuşdur
Bakı, 29 yanvar (AZƏRTAC). ABŞ konqresmenlərinin qərargah rəhbərlərindən ibarət nümayəndə heyəti Azərbaycana səfəri çərçivəsində yanvarın 28-də Yeni Azərbaycan Partiyasının mərkəzi qərargahında olmuşdur.
AZƏRTAC xəbər verir ki, hakim partiyanın icra katibinin müavinləri, Milli Məclisin deputatları Siyavuş Novruzov və Mübariz Qurbanlı ilə keçirilən görüşdə Azərbaycan-ABŞ münasibətlərinə dair fikir mübadiləsi aparılmış, əməkdaşlığın perspektivləri müzakirə edilmişdir. Qeyd edilmişdir ki, Azərbaycan-ABŞ iqtisadi, siyasi və diplomatik əlaqələri yüksələn xətt üzrə inkişaf edir. İki ölkə arasında sosial-mədəni və digər sahələrdə də əməkdaşlığın inkişafı üçün zəmin vardır.
Görüşdə hər iki ölkənin antiterror koalisiyası çərçivəsində fəal əməkdaşlıq etdiyi yüksək qiymətləndirilmiş, həmçinin parlamentlərarası əlaqələrin genişləndirilməsinin zəruriliyi qeyd olunmuşdur.
Azərbaycana səfərdən məmnunluğunu bildirən qonaqlar ölkəmizdəki seçki sistemi, siyasi partiyaların fəaliyyəti, parlamentdə siyasi partiyaların təmsilçiliyi, YAP-ın ideoloji-siyasi xətti ilə maraqlanmışlar. YAP icra katibinin müavinləri Siyavuş Novruzov və Mübariz Qurbanlı qonaqları maraqlandıran sualları cavablandırmışlar.